Tarix: 27-11-2020 | Saat: 15:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Ölkə Senatında qəbul olunmuş qətnamə Fransa Milli Assambleyasından keçməyəcək".
Qarabaginfo.az "Report"a istinadən Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy Senatda qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qəbul olunmuş qətnaməyə münasibət bildirərkən deyib.
O, qətnamənin qanuna çevrilməsinin qeyri-mümkünlüyünün səbəblərinə də toxunub: "Bu qətnamə simvolik xarakter daşıyır. Fransada, ilk növbədə, parlament təşəbbüsçüsü Senat yox, Milli Assambleyadır. Digər tərəfdən, bütün senatorlar qətnaməyə səs verməyiblər. Ən əsası isə ölkənin hakim partiyasının qətnaməyə səs verməməsidir. Ümumiyyətlə, Fransa Senatının prezidenti və onun katibi səsvermədə iştirak etməyiblər. Bu mətn qanuna təklif yox, sadəcə qətnamədir. Bu qətnamənin qanuna çevrilməsi mümkün deyil".
E.Dupuy Fransada hakim partiyanın səs vermədiyi bir qətnamənin hökumət tərəfindən nəzərə alınmasının qeyri-mümkün olduğunu bildirib: "Digər əsas məsələ bu qətnamənin mətninin necə yaranmasıdır. Bu mətni ərsəyə gətirən senator və onu dəstəkləyənlər ölkənin müxalif partiyalarının üzvləridir. Senatdakı səsvermə zamanı Fransanın hakim partiyası qətnamənin lehinə səs verməyib. Beləliklə, gələn ilin əvvəli üçün nəzərdə tutulduğu kimi, mətn Fransa Milli Assambleyasına təqdim olunduqda ölkənin hakim partiyası ona səs verməyəcək və beləliklə, qətnamə heç zaman rəsmi xarakter almayacaq. Hökumət isə öz növbəsində ölkənin hakim partiyasının səs vermədiyi bir mətnə istinad edə bilməz".
Ekspert Fransadakı erməni icmasının səylərinin puça çıxdığını da vurğulayıb: "Mətni oxuduqda aydın olur ki, orda Azərbaycandan çox az yazılıb. Mətndə daha çox Turkiyəyə qarşı məqamlar öz əksini tapıb. Bu qətnamə Fransanın dövlət katibi tərəfindən ölkənin xarici siyasəti üçün böyük maneə kimi qiymətləndirilib. Ölkə prezidenti isə öz növbəsində erməni icması qarşısında çıxışı zamanı heç kimin eşitmək istəmədiyini dilinə gətirərək Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayıb. Bütün bunlardan sonra Fransadakı erməni icmasının üzvləri artıq oyunu uduzduqlarını anlamağa başlayıblar".
Digər xəbərlər