Saytımızı qiymətləndirin


 
 

Maliyyə Nazirliyində Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Tarix: 22-02-2022 | Saat: 19:55
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Maliyyə Nazirliyi: Əməkhaqları, pensiya və müavinətlərin artırılmasının dövlət büdcəsində əks etdirilməsi üçün işlərə başlanılıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Çad Ştaynberqin rəhbərlik etdiyi və Fondun Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinskin də təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirib.

Maliyyə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə 2021-ci ilin makroiqtisadi yekunları, icmal və dövlət büdcələrinin icra vəziyyəti, 2022-ci il və ortamüddətli dövr üçün proqnozlar, büdcə siyasətinin istiqamətləri, inflyasiya təzyiqləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, 30 illik işğaldan sonra azad edilmiş torpaqların bərpa və yenidənqurulması, “COVİD-19” pandemiyası ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib, 2021-ci ilin bütövlükdə, ölkənin sosial-iqtisadi inkişafı baxımından uğurlu il olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 2021-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətli bərpaya nail olunub, nəticədə 2021-ci ildə ÜDM-in artım tempi 5.6%, qeyri-neft ÜDM-nin artım tempi isə 7.2% təşkil edib.

Nazir həmçinin qeyd edib ki, 2021-ci ildə sürətli iqtisadi bərpa prosesi fonunda dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icrası təmin edilib, xərclər proqnozla müqayisədə 4 faiz az icra olunub, dövlət büdcəsinin kəsiri isə proqnozlaşdırılan kəsirlə müqayisədə 67,4 faiz az icra edilərək cəmi 1 milyard 16 milyon manat təşkil edib. Dövlət borcunun vəziyyətinə gəlincə, müsbət iqtisadi tendensiyaların borcun dayanıqlığının nəzarət olunan səviyyədə saxlanılmasına imkan verdiyi diqqətə çatdırılıb.

Maliyyə naziri xüsusilə Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi, bərpa və yenidənqurulması, çoxsaylı və müxtəlif sektorları əhatə edən sonrakı inkişafı, bioloji və ekoloji pozuntuların aradan qaldırılması, öz doğma torpaqlarına qayıdacaq vətəndaşlarımızın dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə reinteqrasiyasının böyük maliyyə resursları tələb etdiyini və hazırda hökumət qarşısında duran əsas çağırışlar olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanan "2022-2026-cı illərdə Sosial-iqtisadi İnkişaf Strategiyası" barədə də məlumat verilib, postpandemiya və postkonflikt dövründə yeni strateji mərhələyə daxil olan ölkə iqtisadiyyatının qarşısında duran çağrışlar diqqət mərkəzində olub. Maliyyə naziri bildirib ki, makroiqtisadi sabitliyin, daxili və xarici təsirlərə dayanıqlığın gücləndirilməsi inklüziv sosial-iqtisadi inkişaf məqsədləri ilə yanaşı strategiyanın prioritetlərindən biri kimi qarşıya qoyulub və bu məqsədlərin reallaşdırılması üçün fiskal tənzimləmənin təkmilləşdirilməsi əsas istiqamətlərdən biri olaraq müəyyən edilib.

Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyini qeyd edən missiya üzvləri hökumət tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndiriblər.

BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə görüşləri nəzərdə tutulur.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər