Tarix: 27-02-2025 | Saat: 09:25
Bölmə:Karusel / Dünya | çapa göndər
2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında bir günlük antiterror əməliyyatında tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunub.
Qarabaginfo.az xəbər verir ki, 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağı ucaldılıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etməklə yeni tarixi dövrə imza atıb.
Azərbaycan dövlətinin qəti mövqeyi və ədalətin bərpası isiqamətində aparılan diplomatik səylər nəticəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıyıb. Xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.
33 il ərzində Xocalı soyqırımının dünyada tanıdılması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” kampaniyasının geniş təbliğ olunması üçün xaricdəki Azərbaycan icmaları müstəsna xidmətlər göstərib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan diasporunun dünya ictimaiyyətini məlumatlandırması, ədalət çağırışları etməsi fəaliyyətin çoxistiqamətliliyi və müxtəlif formatlı olması ilə diqqət çəkir. Heydər Əliyev Fondunun hazırladığı əyani vəsaitlər diaspor təşkilatlarının təbliğat kampaniyalarında, tədbirlərdə geniş istifadə olunub və kampaniyanın təsir gücünün artmasında ciddi rol oynayıb.
Azərbaycan diasporunun bu sahədəki fəaliyyətinə dair bəzi faktları sadalamaq yerinə düşər. 2020-ci ildə Berlində Brandenburq qapıları qarşısındakı Paris meydanında keçirdiyi II Ümumavropa Qarabağ mitinqi, 2022-ci ildə Vaşinqtonda Kapitoli binasının qarşısında təşkil edilən Ümum-Amerika Xocalı mitinqi, 2023-cü ildə Vyanada keçirilən Ümumavropa Qarabağ mitinqi beynəlxalq ictimaiyyətin soyqırımla bağlı müfəssəl məlumatlandırılmasında xüsusi rol oynayıb.
Son illər xaricdəki Azərbaycan icmaları “Xocalıya Ədalət” kampaniyası çərçivəsində ümumilikdə 1000-dən çox müxtəlif xarakterli maarifləndirici tədbir, onlarla elmi konfrans təşkil edib. Bu il-Xocalı soyqırımının 33-cü ilində diaspor təşkilatları daha böyük fəallıq nümayiş etdirərək 100-dən çox tədbir təşkil ediblər. Yerli ictimaiyyətin nümayəndələrinin də qatıldığı tədbirlərdə soyqırımla bağlı geniş məlumat verilib, Heydər Əliyev Fondunun hazırladığı videoçarxlar nümayiş olunub və maraqla qarşılanıb. Hazırda onlarla ölkənin mərkəzi şəhərlərində soyqırım faktlarının əks olunduğu elektron lövhələr quraşdırılıb, LED ekranlı avtomobillər küçələrdə hərəkət edərək yerli cəmiyyətlərin məlumatlandırılması işini həyata keçirir. Xarici ölkələrdə aparılan “Xocalıya Ədalət” kampaniyası fevralın sonunadək davam edəcək.
Vaşinqton, Nyu-York, Mayami, Boston, Filadelfiya, Atlanta, Çikaqo, San Fransisko, Hyuston, Denver, London, Roma, Haaqa, Saloniki, Cenevrə, Tallin, Riqa və dünyanın onlarla digər iri şəhərlərində LED ekranlı avtomobillərdə Xocalı soyqırımı ilə bağlı məlumatlar təqdim olunur və həmin dəhşətləri əks etdirən təsvirlər yerləşdirilir. Bu təsirli aksiya soyqırımla bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük təbliğat kampaniyasının tərkib hissəsidir.
Azərbaycan diaspor təşkilatlarının soyqırımın tanıdılması istiqamətində gördüyü işlərdən biri də dünyanın nüfuzlu ali məktəblərində, elmi və beyin mərkəzlərində beynəlxalq konfransların təşkil olunmasıdır. Xüsusilə ABŞ-nin müxtəlif şatatlarında keçirilən və onlarla xarici alimin, jurnalistin, tarixçinin iştirak etdiyi bu cür müzakirə platformaları tarixi həqiqətlərin üzə çıxmasında böyük rol oynayır. DİDK-nın dəstəyi və diasporun təşkilatçılığı ilə dünyanın Stənford, Corc Vaşinqton, Kolumbiya kimi nüfuzlu universitetlərində təşkil olunan elmi müzakirələr “Xocalıya Ədalət” kampaniyasının, eləcə də Qarabağla bağlı məlumatların yayılma arealını daha da genişləndirib.
Nümunə üçün deyə bilərik ki, ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransı dərin elmi müzakirə platformasına çevrilib və iştirakçıların marağına səbəb olub. Amerikalı jurnalist, “BBC”, “CNN”, “Əl-Cəzirə” kanallarının siyasi şərhçisi Kelvin Dark, Çində fəaliyyət göstərən geosiyasi analitik Malik Ayub Sumbal, braziliyalı jurnalist Fabiana Ceyhan, ABŞ-nin Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks çıxışlarında tarixi həqiqətlər barədə tutarlı faktlar səsləndirib, Xocalı soyqırımının müasir dünyanın ən böyük vəhşiliklərindən biri olduğunu dilə gətiriblər.
Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımına həsr oluna tədbir də Qarabağ və ümumilikdə regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların çatdırılması, erməni dezinformasiyalarının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunması baxımından əhəmiyyət daşıyıb. Bu və bunun kimi onlarla faktı sadalamaq mümkündür.
Xaricdəki Azərbaycan icmalarının müstəsna xidmətlərindən biri müxtəlif ölkələrdə, o cümlədən ABŞ-nin ayrı-ayrı ştat və şəhərlərində Xocalı soyqırımı ilə bağlı bəyannamələrin imzalanması, eləcə də Xocalı günlərinin elan olunması olub. Bu da erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri qətliama hüquqi qiymətin verilməsi baxımından atılan ən mühüm addımlardır.
Diaspor üzvləri hər il Xocalı soyqırımını əks etdirən fotosərgilər, anım konsertləri təşkil edir, kitablar çap olunur, sənədli filmlər hazırlanaraq məşhur salonlarda xarici auditoriyaya təqdim olunur, onlarla məqalə xarici mətbuatda çap olunur.
Xocalı soyqırımının dünya arenasında daha geniş tanıdılması məqsədilə xarici ölkələrdəki Azərbaycan Evlərində, həftəsonu Azərbaycan və Qarabağ məktəblərində, Koordinasiya Şuralarının vasitəsilə, Azərbaycan Diaspor Gəncləri platforması üzərindən Xocalı soyqırımının ildönümləri qeyd edilir, BMT-nin bütün dillərində dünya ictimaiyyətinə müraciətlər ünvanlanır. Həftəsonu məktəblərində təhsil alan yeni nəsil diaspora soyqırımı haqqında dərslər, seminarlar keçirilir, qətliamın acı nəticələri və onun beynəlxalq hüquq müstəvisinə çıxarılmasının vacibliyi barədə maarifləndirmə işləri aparılır.
Son illər komitənin və xaricdə yaşayan soydaşlarımızın müxtəlif ölkələrdəki elmi mərkəzlərlə, ali təhsil ocaqları ilə əlaqələri daha da genişlənib, məşhur kitabxanalara müasir Azərbaycan tarixi ilə bağlı kitablar hədiyyə olunub. Bundan başqa, yüzlərlə xarici alim, tarixçi və jurnalist ölkəmizə dəvət olunub, beynəlxalq elmi müzakirələr aparılıb, onların Qarabağa səfərləri təşkil olunub. İşğaldan azad olunan ərazilərə səfərləri təşkil olunan xaricilərin sayı artıq 1000-i ötüb.
DİDK xaricdəki Azərbaycan icmalarının Xocalı soyqırımı ilə bağlı müfəssəl məlumatlandırılması istiqamətində davamlı tədbirlər görür. Diaspor Gənclərinin Laçında keçirilən V Yay Düşərgəsinin iştirakçılarının Xocalıya səfərinin təşkil olunması da bu baxımdan mühüm hadisədir.
Xocalı azaddır, bir vaxtlar erməni işğalçılarının qanlı çəkmələrinin altında qalan torpaqlarımızda yeni dövr başlayıb. Yeni dövr xaricdəki azərbaycanlıların üzərinə dezinformasiyaların qarşısının alınması, beynəlxalq ictimaiyyətin doğru məlumatlandırılması, informasiya balansının Azərbaycanın xeyrinə dəyişdirilməsi istiqamətində yeni məsuliyyət qoyur. Müharibə və postmüharibə dövründə informasiya müharibəsinin kifayət qədər fəal iştirakçısı və ağıllı tərəfi ola bilən diasporumuz bu məsuliyyəti ustalıqla yerinə yetirir və diasporumuzun artıq “yumşaq güc”ə çevrilməsi danılmazdır. Azərbaycan dövləti ilə vəhdət halında fəaliyyət göstərən icmalarımız erməni diasporu mifini çoxdan alt-üst edib. Uduzmuş və zəifləmiş erməni diasporunun “yalan maşını” işləsə də, Azərbaycan diasporunun ağıllı, düşünülmüş, strateji addımları qarşısında heç bir irəliləyişə nail ola bilmir.
Azərbaycan diasporu artıq yaşadıqları ölkələrin ictimaiyyəti ilə gerçək bağlar qura bilən, mobilliyi olan, hədəfləri üçün birləşməyi, strateji düşünməyi bacaran, icmalaşma prosesinə konseptual yanaşmağı hədəfləyən bir qüvvədir.
Digər xəbərlər