Tarix: 13-02-2025 | Saat: 17:02
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
İqtisadiyyat Nazirliyində “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib.
Qarabaginfo.az xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri və nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına məktubunu (https://president.az/az/articles/view/68145 ) oxuyub.
Forumda Azərbaycanın vergi orqanlarının 25 illik fəaliyyəti barədə film nümayiş olunub.
Forumda 2018-2024-cü illərdə ölkəmizin makroiqtisadi artımı, eləcə də qeyri-neft sektorunun böyüməsi, vergi daxilolmlarının qeyri-neft ÜDM-də xüsusi çəkisinin yüksəlməsi, əmək müqavilələrinin sayının artması və digər göstəricilər barədə təqdimat nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vergi ödəyicilərinin hüquqları və vergi orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın əhəmiyyəti barədə danışıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti arasında səmərəli əməkdaşlığı vurğulayıb. Bu istiqamətdə vahid risk platforması çərçivəsində tərəfdaşlığın önəmi qeyd edilib.
Tədbirdə Dövlət Vergi Xidmətinin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələrinin - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini Fabrisiya Lapekorella, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi Aliks Perrinyon və Vergi Məqsədləri üzrə Şəffaflıq və Məlumat Mübadiləsinə dair Qlobal Forumun Katibliyinin rəhbəri Zayda Manattanın videotəbrikləri səsləndirilib.
Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edib. Xidmət rəisi 25 illik tarixə nəzər salaraq vergi sistemində reallaşdırılan islahatlar barədə danışıb, bu sahədə son illər əldə edilən nəticələr, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, gələcək vergi siyasətinin istiqamətləri və s. barədə məlumat verib. Bildirilib ki, 25 illik tarixə malik vergi sistemi hazırda “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli münasibət göstərilməsi, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi kimi yeni yanaşmalarla fəaliyyət göstərir. 2024-cü ildə vergi daxilolmalarının həcminin15,8 milyard manatı keçdiyi, vergi gəlirlərinin 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artdığı, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımların 22,8 milyard manat təşkil etdiyi, Xidmətin bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqan olduğu diqqətə çatdırılıb. Aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 806,9 min təşkil edib.
Vurğulanıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”u ölkəmizi şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirilməsi çərçivəsində ən yüksək reytinqlə dəyərləndirib. Ölkəmizin bu reytinqə yüksəlməsi vergi sistemində aparılan islahatların beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.
Forumun işi sessiyalarla davam edib.
Digər xəbərlər