Tarix: 11-12-2024 | Saat: 15:36
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bu gün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir keçirilib.
Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumları, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşları və beynəlxalq tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədi və önəmini vurğulayıb.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev universitetlərimizin beynəlxalq reytinqinin yüksəldilməsi, universitetlərdə tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili və digər məsələlərə toxunub.
Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin ölkələrarası ictimai diplomatiya aləti kimi önəmini vurğulayıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesə verdiyi töhfəni qeyd edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov öz növbəsində elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində görülən işlərə dair statistik hesabatla çıxış edib.
Tədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb.
Tədbir "Elmi universitetə necə gətirməli?" və "Ali təhsilin beynəlmiləlləşməsi" mövzuları üzrə panel sessiyalarla davam edib. Sonda beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci (doktorantura) sahəsində fərqlənən xarici tələbələr təltif edilib.
Digər xəbərlər