Tarix: 29-04-2022 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
Son zamanlar, xüsusilə də Ukraynada müharibə başladıqdan sonra keçmiş münaqişə ilə bağlı Cənubi Qafqaza tam fərqli münasibətin şahidi olmaqdayıq. Mövcud Ukrayna problemi ilə ciddi şəkildə məşğul olduğundan və faktiki olaraq şərqi ilə qərbi mövcud qarşıdurmada iştirak etməsi səbəbindən məntiqlə bizim regiona vaxt ayıra bilməli olmayan dünya, bəlkə də ikinci Qarabağ müharibəsi dönəmindən daha çox regionumuza fokuslanıb. Deyərdim ki, Azərbaycanın şimalından cənubuna, şərqindən cənubuna uzandığı yeganə ölkə olduğu və ikinci Qarabağ müharibəsindən sonra da tam yeni reallıq formalaşdırdığı regionumuzun əhəmiyyəti və dəyəri dünya üçün hazırda bəlkə də heç vaxt olmadığı qədər artıb. Bəs bunun səbəbləri nədir?
Təbii ki, ilk növbədə faktiki olaraq Soyuq müharibədən sonra ilk dəfə dünyada yeni qütbləşmənin formalaşmasına və bu qütblərin qarşıdurmasına səbəb olan Ukrayna müharibəsi. Çoxlarının Rusiya Ukrayna müharibəsi adı verdiyi bu proses əslində ABŞ və İngiltərə tondeminin rəhbərlik etdiyi Qərblə Rusiya və onun tərəfdarları arasında gedən müharibədir. Rusiyaya sanksiyalar tətbiq etməkdən tutmuş, ona silah və maddi yardımlara qədər kollektiv Qərb bu prosesdə nə qədər iştirak edirsə, bu sanksiyalara qoşulmayan və artıq aşkar şəkildə Rusiyaya eyni yardımı göstərən müttəfiqləri də bir o qədər bu hadisələrin iştirakçısıdır.
Mövzudan çox uzaqlaşmadan bildirim ki, özünün planlaşdırmadığı oyunda oynamamaq prinsipinə ən mahir şəkildə əməl edən və faktiki olaraq Qoşulmama hərəkatının rəhbəri Azərbaycan ən düzgün mövqe seçməkdədir. Həmişə olduğu kimi ərazi bütövlüyü prinsipini hər şeydən üstün tutaraq bu neytral mövqeni tutması Azərbaycanın bu prosesdən də uduşu çıxacağına qarantiya verir.
Mövcud qarşıdurma ilə əlaqədar şimaldan Cənubi Qafqaza qədər bütün qapıların bağlanması və Cəunbi Qafqazdan da Hind okeanına qədər İran qapısının onsuz da bağlı olması Azərbaycanın söz sahibi olduğu Cənubi Qafqazı həm Qərb, həm də Şərq dünyası üçün yeganə və həyat əhəmiyyətli nəfəsliyə çevirib. Nə qədər qarşıdurmaya getsələr belə, ta qədimdən toxunulmaz olan ticarət yollarının toxunulmazlığını təmin etmək prinsipi dünya üçün dəyişməz olaraq qalmaqdadır. Bunu Rusiya və onun müttəfiqləri nə qədər anlayırsa, tcarətin ustası olan kollektiv Qərb onlardan da yaxşı anlayır və qəbul edir.
Məhz bu prosesi bir neçə il öncədən siyasi məharəti və uzaqgörən liderlik keyfiyyəti ilə görən Azərbaycan Prezidenti Qarabağ məsələsini ən münbit şəraitin mövcud olduğu günlərdə həll etməyə nail oldu. Prezident İlham Əliyevin də dediyi kimi, nəyi, necə və nə vaxt etməyi bildiyinə görə nə bir gün tez, nə də bir gün gec olmamaqla otuz il davam edən bir münaqişənin 44 günə həllinə nail olduq. Təsəvvür edin ki, hazırki Ukrayna prosesləri zamanı dünya Qarabağda bir silah belə açmağa imkan verərdimi? Təbii ki, xeyr! Əksinə, belə bir məqamda şərqlə qərbi birləşdirən yeganə qapının kandarı olan Cənubi Qafqazda nə olursa olsun sülh olmalı, bir silah belə açılmamalıdır. Açılsa belə o da, bu sülhə təhlükə yaratmaq istəyən tərəfin dərhal susdurulması üçün açılmalıdır!
Məhz bu amillərdir ki, ATƏT-in Minsk qrupunu yaradanlar artıq onun ölü cəsədini və ona aid dırnaqarası bütün terminlərin dəfn mırasimini reallaşdırır. Yenə də, bu amillərdir ki, Brüsselin erməni tərəfinə bizim uzun illər istədiklərimizi və yeganə çıxış yolunun Azərbaycan tərəfi ilə danışıqlar yolundan keçdiyini diktə edən. Buna görədir ki, Ukrayna münaqişəsindən vaxt tapıb həm qərbdən, həm də şimaldan Bakıya səfərlər təşkil edilir, görüşlər və konfranslar təşkil edilir. Azərbaycan Prezidentinin uzun illər öncə gördüyü bu proseslərdir Zəngəzur dəhlizini nəyin bahasına olursa olsun reallığa çevirən təminatı.
Bu səbəbdəndir ki, zamanında prosesi yalnız uzatmaq və münaqişəni “Qordi düyünü”nə çevirən həm Qərb, həm də Rusiya artıq keçmiş münaqişənin həllinin yekunlaşması və Sülh sazişinin imzalanması prosesində iştirakla bağlı yarışa giriblər. Dünyada bəlkə də baş verən bütün proseslərdə fikirləri toqquşan Qərb və Rusiya yalnız keçmiş münaqişə ilə bağlı ATƏT-in Minsk qrupu və digər nağılları bizə danışmaq məqamında sanki həmişə barışırdılar. Ancaq indi isə, o qrupun dağılmasını belə rəsmiləşdirməyə macal tapmadan nümayəndələr təyin etmək, Minsk Qrupunu və onu yaşadan ifadələri dilə belə gətirmədən prosesi həll etməyə tələsirlər. Təbii ki, hər şey həmişəki kimi böyük siyasi maraqlara xidmət edir və əgər böyük və kiçik olmasından asılı olmayaraq o maraqlar bizim dövlətçilik maraqlarımızla da uzlaşırsa bizə uyar.
Bu prosesi bəlkə də hamıdan tez və daha yaxşı görən Azərbaycan da üzərinə düşəni ən yaxşı şəkildə görür. Düz iki il bundan öncə hazırki çağırış Milli Məclisin ilk iclası zamnı yeni seçilən deputatlara artıq turist səfərlərinin bitdiyini, real nəticə ortaya qoyan işlə məşğul olmağın zamanı gəldiyini deyərkən Prezident bu günü və hazırda baş verən hadisələri qabaqcadan görürdü. Məhz buna görə siyasi və diplomatik müstəvidə bizə böyük hesabla uduzmaqda olan Ermənistan mötəbər tədbirlərdə və kürsülərdə özünü ifşadan başqa heç nəyə nail ola bilmir.
Müharibə dönəmində döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də Ali Baş Komandanlığı öz üzərinə götürüb dünya mediasına verdiyi silsilə müsahibələrlə uzun illər ərzində keçmiş münaqişə ilə bağlı informasiya blokadasını yaran Prezident bu gün də o prosesi uğurla davam etdirir. Müharibədən dərhal sonra işğaldan azad etdiyimiz ərazilərə Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə mütəmadi səfərlər edən Prezident İlham Əliyev dünya erməniliyi barədə süni şəkildə yaradılmış bütün mifləri darmadağın edərək ermənilərə heç vaxt almadıqları layiqli zərbəni vurdu.
Zamanında daha çox məkrli və hiyləgər erməni maşını ilə mübarizə aparmaq üçün əsası qoyulmuş Dünya Azərbaycanlılarının Qurultayının ən möhtəşəmini artıq regionun mədəni, siyasi və həm də diplomatik mərkəzinə çevirdiyimiz Şuşada keçirməklə də çox ciddi mesajlar verdik. Bütün Qarabağ və onun tacı olan Şuşanın tarixi vətənimiz olduğunu bəyan etməklə yanaşı, həm də Şuşanı mənfur düşməndən fərqli olaraq hərbi və cəza maşınlarının işlədiyi mərkəzə deyil, onun adına və şəninə yaraşan mədəni, siyasi, diplomatik və sülh mərkəzinə çevirməklə siyasi mövqeyimizi ortaya qoyduq. Dünyanın müxtəlif nöqtələrində yaşayan, çalışan və fəaliyyət göstərən həmvətənlərimizi Şuşaya toplamaqla 18 yaşı yenicə tamam olmuş, ancaq şir ürəkli və həyatlarını vətən üçün fəda edən gənc övladlarımızın öz müqəddəs qanları ilə yazdıqları Şuşa əsərini onlara göstərməkdə Prezidentin əsas məqsədi dünyadakı soydaşlarımıza həyati tövsiyə vermək idi. Onlara adının qarşısında azərbaycanlı sözü olan hər bir şəxsin müzəffər Ordumuzun bu Zəfər adlı əsərindən nəticə çıxarmalı olduğunu və hər bir həmvətənlimizin bizi həmləşdirən bu vətən üçün real iş görməli olduğunu onlara ən layiqli şəkildə çatdırmağa nail oldu. Məhz bu yolla, biz təkcə ölkə daxilində deyil, bütün dünyada güclü liderimizin ətrafında dəmir yumruq kimi birləşərək 44 günlük müharibədə erməni tərəfinin düçar olduğu məğlubiyyəti dünya erməniliyinə də bir daha yaşada bilərik.
Xəyal Bəşirov,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi.
Digər xəbərlər