Tarix: 19-05-2026 | Saat: 13:26
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qvineya-Bisau üçün iqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil, eyni zamanda idarəetmə və sabitlik məsələsinə çevrilib.
Qarabaginfo.az Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bunu Qvineya-Bisau xarici işlər nazirinin müavini Fatoumata Jau bildirib.
Onun sözlərinə görə, zəif institutlara malik ölkələrdə iqlim dəyişikliyi iqtisadi qeyri-sabitlik, sürətli urbanizasiya və sosial həssaslıqla birləşərək daha ciddi nəticələr yaradır.
“İqlim dəyişikliklərinə ən az töhfə verən ölkələr çox vaxt onun nəticələrinə qarşı ən hazırlıqsız olan ölkələrdir”, – deyə F. Jau qeyd edib.
Nazir müavini bildirib ki, Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi iqlimə uyğunlaşma, şəhər dayanıqlığı, sülh quruculuğu və iqtisadi sabitlik arasında qarşılıqlı əlaqəni nəzərə alan mühüm beynəlxalq təşəbbüsdür.
Onun sözlərinə görə, Qvineya-Bisau iqtisadiyyatı manqrov meşələri, balıqçılıq və düyü istehsalı kimi iqlimə həssas sahələrdən ciddi dərəcədə asılıdır.
F. Jau qeyd edib ki, duzlaşma, sahil eroziyası, dəniz səviyyəsinin yüksəlməsi və yağıntı rejimində dəyişikliklər bu sistemlərə artan təzyiq göstərir.
O əlavə edib ki, paytaxt Bisau şəhərində güclü yağışlar zamanı baş verən daşqınlar iqlim risklərinin şəhər idarəçiliyi, ictimai səhiyyə və sosial sabitlik üçün birbaşa təhdidə çevrildiyini göstərir.
Digər xəbərlər



















