Tarix: 19-05-2026 | Saat: 14:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

2022-ci ildə təsdiqlənmiş plan Azərbaycanın iqtisadi rayonları, Qarabağ və Şərqi Zəngəzur üzrə inkişafı istiqamətləndirən əsas xüsusi və strateji çərçivə sənədi kimi çıxış edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 cərcivəsində təşkil olunan "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" xüsusi sessiya zamanı bildirib.
Onun sözlərinə görə, sənəd şəhərsalma infrastrukturu, ətraf mühitin idarə olunması, resurs bölgüsü, enerji sistemləri, sənaye inkişafı və demoqrafik proqnozlaşdırmanı vahid əlaqələndirilmiş inkişaf çərçivəsində birləşdirir.
"Azad edilmiş ərazilər təxminən 13 600 kvadratkilometr sahəni əhatə edir və burada 12 şəhər, eləcə də 300-ə yaxın kənd və qəsəbə yerləşir. Bu ərazilərdə təxminən 1,1 milyon insanın məskunlaşdırılması nəzərdə tutulur. Strateji plan Qarabağ və Şərqi Zəngəzurda şəhərsalma, nəqliyyat infrastrukturu, iqtisadi fəaliyyət, ekoloji sistemlər və kənd yaşayış məntəqələri arasında əlaqələndirilmiş inkişaf modelini müəyyən edir", - Anar Quliyev qeyd edib.
O əlavə edib ki, müasir nəqliyyat infrastrukturunun qurulması bərpa prosesinin əsas prioritet istiqamətlərindən biridir. Hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 300 kilometrdən artıq olan avtomobil yolu layihələri həyata keçirilir. Bu layihələr çərçivəsində 48 tunel, 500 körpü və 16 viaduk inşa olunur.
Bununla yanaşı, ümumi uzunluğu 160 kilometr olan iki yeni dəmir yolu xətti və üç beynəlxalq hava limanı regionun daxili və beynəlxalq bağlantı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
"Azad edilmiş ərazilər Azərbaycanın dayanıqlı inkişaf və iqlimə uyğun strategiyalara sadiqliyini əks etdirən “yaşıl enerji zonası” elan edilib. Regional inkişaf modeli xüsusilə hidroenerji, günəş və külək enerjisi sahələrində təmiz enerji mənbələrinə keçidi nəzərdə tutur", - Anar Quliyev vurğulayıb.
Digər xəbərlər


















