Tarix: 21-10-2024 | Saat: 13:21
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı müvəqqəti komissiyası “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə təşkil edib.
Qarabaginfo.az xəbər verir ki, Komissiyanın sədri Ramid Namazov deyib ki, COP-29 yaxınlaşdıqca Azərbaycana qarşı çirkin kampaniyaların artdığı görünür.
Ramid Namazov nəzərə çatdırıb ki, COP-29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növü aktiv istifadə olunur: “Bunlardan ən çox yayılanı dezinformasiyaladır. Bura mediada qarayaxma kampaniyalarını da şamil etmək olar. İkincisinə hüquq və müharibə terminlərinin qarışığından yaranan “law of war”-ı şamil edə bilərik. Bura müxtəlif parlamentlərdə qəbul edilən bəyanatları, sanksiyalarla hədələməni şamil etmək olar. COP-29-a ev sahibliyi bizə veriləndən sonra bizi sevməyən qüvvələr Azərbaycana qarşı dezinformasiyalara başladılar. Birinci ortaya atılan bəhanə neft ölkəsinin COP-29-a ev sahibliyi etməsi ilə bağlı idi. 1995-ci ildən ev sahibliyi edən ölkələrin 1-2-ni çıxmaqla hamısı kömür, neft-qaz idxalçılarıdır. Bu gülünc iddianı adladıqdan sonra növbəti bəhanə ortaya atıldı. Bu vaxtilə SOCAR-da vəzifə tutan şəxsin COP-29-a rəhbərlik etməsi idi. Beynəlxalq şəbəkənin bu arqumenti də əsassız olduğu üçün nəticə vermədi. Növbəti məsələ Təşkilat Komitəsində qadınların olmaması idi. Bu məsələ də öz həllini tapandan sonra köhnə və işlək olan insan hüquqlarını gündəmə gətirdilər. Erməni separatçıların azadlığa buraxılması, sülh müqaviləsi və s. kimi iddialarla çirkin kampaniyalar aparılır. Oktyabrın 3-də ABŞ-da 60 konqresmen Azərbaycana təzyiq göstərməyə çağırış üçün dövlət katibinə müraciət etdilər. Həm senatorlar, həm konqresmenlər öz müraciətlərində “Human Rights Watch” və “Freedom House” istinad ediblər. Öz yaratdıqları təşkilatlara istinad edərək bizə təzyiq üçün çağırış etdilər. Niderland parlamentində Azərbaycana qarşı qəbul edilən son bəyanatı da ABŞ konqresmenlərinə dəstək idi. Niderland Xarici İşlər Nazirliyi hər il “Freedom House”-a maliyyə dəstəyi verir. “Human Rights Watch”-da 1 il ərzində Azərbaycan əleyhinə 65 məqalə dərc edilib. “Freedom House” təşkilatının vitse prezidenti Enni Roya da ermənipərəstdir və onun həyat yoldaşı ermənidir. Azərbaycan əleyhinə müxtəlif koalisiyalar da yaradıblar. COP-29 çərçivəsində Azərbaycana qarşı fəaliyyət göstərən QHT-lərin bəzilərinin maliyyə mənbələri açıqdır, bəziləri isə tam qapalıdır. “Amnesty International”-da Azərbaycan əleyhinə 1 ildə 29 yazı dərc edib. Onlar da maliyyə mənbələrini gizli saxlayırlar. FİDH təşkilatının isə Fransadan donorları var. Onlar da Azərbaycana qarşı fəaliyyət göstərirlər. “Human Rights Watch” təşkilatının əsas donorları bəzi Qərb ölkələrinin XİN-ləridir”.
Ramid Namazov nəzərə çatdırıb ki, COP-29 –a ev sahibliyində Azərbaycanın lehinə geri çəkilsə də, Ermənistan arxada Azərbaycana qarşı kampaniya aparıb: “Araşdırmalar nəticəsində məlum olub ki, hazırda həbsdə olan Ruben Vardanyanın oğlu David Vardanyan Azərbaycana qarşı COP-29-da dezinformasiya kampaniyası aparmaq üçün müxtəlif təşkilatlarla əlaqələr qurur. Həm də AVRORA təşkilatları vasitəsilə bir çox adamı bu işə cəlb edirlər. Onların təşkilatının “Edelman PR” şirkəti ilə də əlaqələri var. ANCA da COP-29-a qarşı ən çox təbliğat aparan, ən çox həştəq yaradan, ən çox məqalə retvit edən təşkilatdır. “Armenian Assambly of America” da bu işdə çox aktivdir. Dünyada 180-ə yaxın qeyri-populyar və 25 nüfuzlu qurumu COP-29 əleyhinə məqalələr dərc edib. COP-29-la bağlı ən çox müsbət və mənfi olmaqla ABŞ-da məqalə dərc edilib. Ümumilikdə 113 ölkə KİV-ində bu barədə məqalə dərc edilib”.
Medianın İnkişafı Agentliyi, İcraçı direktorun müavini Natiq Məmmədli bildirib ki, dezinformasiya bir qayda olaraq sosial şəbəkələr üzərindən yayılır: “Medianın manipulyasiya ilə məşğul olmasına gəlincə, bu, Qərb mediası üçün xarakterikdir. Şuşa Qlobal Forumunda Prezident İlham Əliyev məhz bu barədə fikirlərini söylədi. Həmin media qurumları bir qayda olaraq, öz ölkələrində ictimai rəyə təsir göstərərək Azərbaycan haqqında yanlış məlumatlarla cəmiyyəti manipulyasiya edirlər. O media qurumları ilk olaraq öz ölkələrinin ictimai rəyini çaşdırır. Azərbaycan haqqında ölkədən kənarda dolğun məlumat formalaşdırmaq Azərbaycan mediasının əsas işidir. Bu istiqamətdə mediamız işini müasir çağırışlara cavab verərək qurmaqdadır. Azərbaycanla bağlı dolğun məlumat yaratmağı heç bir xarici mediadan gözləməməliyk. Bunun bir növü də kiberdələduzlardır. Media Agentliyi geniş məlumatlandırma işi ilə məşğuldur. Cəmiyyətin media savadlılığı səviyyəsini yüksəltmək lazımdır. Bu nə qədər çox olarsa, cəmiyyətin dezinformasiya tələsinə düşmək riski də azalır. Azərbaycan mütəmadi dezinformasiyaya məruz qalır”.
Komissiyanın üzvü Gülşən Paşayeva da Azərbaycana qarşı təhdidlərin COP-29-dan sonra da davam edəcəyinə diqqət çəkib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev isə təklif edib ki, Azərbaycana qarşı dezinformasiya təhdidlərini ingilis dilində dərc edib beynəlxalq arenada öz tərəfdaşlarımızla bölüşək: "Eyni zamanda rəsmi hesab yaradılsın və Azərbaycana qarşı olan dezinformasiyalara cavab verilsin, bununla bağlı düzgün variant paylaşılsın. Xüsusilə COP-29-la bağlı hücumlara bu rəsmi hesabdan cavab verilə bilər. COP29 kimi tədbirlər Azərbaycanın nüfuzuna müsbət təsir göstərən tədbirlərdir ki, erməni lobbisi bunu istəmir. Azərbaycan xarici siyasətdə yeni dövr başladıb. Son dövrlərdə Azərbaycanın xarici siyasətdə dünyanı maraqlandıran digər məsələlərdə də aktiv iştirak edir. Ətraf mühit təşkilatlarından vasitə kimi Azərbaycana qarşı istifadə olunmasını görə bilərik. Səfirliklərimizdə də COP-29 ərəfəsində tədbirlər artırıla bilər. COP-29 çərçivəsində Azərbaycana gələcək şəxslərə də qarayaxma kampaniyası aparıla bilər. Burada diqqət çəkən məqam Ermənistan vasitəsilə Azərbaycanı sülhü istəməyən dövlət kimi təqdim etməyə çalışırlar. Amma Paşinyan hakimiyyəti məsuliyyəti öz üzərindən atır ki, bunu erməni diasporu, Qarabağ erməniləri edir. Eyni zamanda Azərbaycanın boru xətlərinə qarşı əks təbliğatlar aparıla bilər. Biz qətiyyətlə erməniləri və onun dəstəkçilərinin bizi salmaq istədiyi tələyə düşməməliyik, eyni zamanda onların iddialarına qarşı əks-təbliğat aparmalıyıq və COP məsələsini bundan ayrı tutmalıyıq. COP məsələsində Azərbaycan haqqında pozitiv gündəm yaratmaq üzrə fəaliyyətimizi qurmalıyıq".
Ramid Namazov təklifləri müsbət qarşılayıb və bildirib ki, yazılı hesabat olacaq: "İkinci məsələ COP-la bağlı anti-fake hesab yaradılmasıdır. COP-29-un öz səhifəsi var. amma MEDİA Agentliyi Təşkilat Komitəsi qarşısında təkliflə çıxış edə bilər".
Milli Məclisin deputatı Pərvanə Vəliyeva isə qeyd edib ki, ölkəmizdə COP-29 kimi böyük tədbirin keçiriləcəyi dövrdə fərdi məlumatların qorunmasının təmin edilməsi çox mühümdür: “Eyni zamanda Azərbaycanın qanunları qeyri-düzgün şərh edilərək tərcümə olunur və Azərbaycan əleyhinə istifadə edilir. Əfqanıstan, Suriya kimi ölkə olduğunu təsvir edən içimizdəki düşmənlər xarici ictimai rəyi çaşdırırlar. Bu istiqamətdə fəaliyyət göstərməliyik. COP-29 -a mənfi təsir göstərən risklərin azaldılması məqsədiylə kibertəhlükəsizlik üçün qaynar xətt yaradılsa, yaxşı olar. Milli Kibertəhlükəsizlik Strategiyası hazırlanmalıdı".
Deputat Mübariz Qurbanlı erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı bu gün qara PR kampaniyası aparıldığını söyləyib: “COP-29-a qarşı təhdidlərin qarşısını almaq üçün hazırlanan bugünkü təqdimatı xarici ictimai rəyə də çatdırmalıyıq”.
Deputat Elman Nəsirov isə diqqətə çatdırıb ki, hibrid hücumlarla silahdan, tankdan istifadə etməməklə ölkənin iqtisadiyyatını dağıtmağı hədəfləyirlər: " Bizi hədəfə alanlar azlıqlardır. Var cinsi azlıqlar, bu da olsun COP azlığı. Çünki bizi 200 dövlət müdafiə edib. Digər tərəfdən, bu gün dünyada 1,2 trilyon dollardan çox pul silaha ayrılır, bəs niyə iqlim dəyişiklikləri ilə mübarizəyə bu pul ayrılmasın?”.
Komissiyanın üzvü Nurlan Həsənov hesab edir ki, hibrid təhdidlərə qarşı mübarizədə ən yaxşı üsul cəmiyyətlə əlaqələrin qurulması və məlumatlılığın təmin olunmasıdır: “Müxtəlif ölkələr artıq sosial şəbəkə operatorları qarşısında tələblər qoyublar. Sosial şəbəkə operatorları hər hansı dövlət tərəfindən xarici dövləyə qarşı təzyiq yaratmaq cəhdlərinin qarşısının alınmasını onlardan tələb edə bilərik”.
Komissiyanın sədri Ramid Namazov isə qeyd edib ki, Komissiyanın yaradılma səbəbi sırf COP-la bağlı deyil: “Bizə 2026-cı ildə böyük tədbir zamanı da hibrid təhdidlər olacaq, gələn il MDB oyunları zamanı da buna rast gələcəyik. Biz səlahiyyətimiz çərçivəsində bu təhdidlərə qarşı mübarizə aparcağıq”.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk iclasında Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb. Ramid Namazov Komissiyanın sədri, Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Qaya Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Gülşən Paşayeva və Zaur Şükürov Komissiyanın üzvləri seçilib.
Digər xəbərlər