Saytımızı qiymətləndirin


 
 

Trampa qarşı növbəti SUİ-QƏSD: Səbəb nədədir?
Tarix: 16-09-2024 | Saat: 17:18
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Trampa qarşı növbəti SUİ-QƏSD: Səbəb nədədir?

 

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp dünən Florida ştatında qolf meydançasında olarkən sui-qəsd cəhdinə məruz qalıb, güllələnib. Federal Təhqiqat Bürosu (FTB) 1 nəfərin saxlanıldığını bildirib.

 

Hadisənin detallarına gəlincə, Trampın təşviqat komandası Trampın qolf meydançasında olduğu vaxt silah səslərinin eşidildiyini və Trampın vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Bu hadisə Pensilvaniyada keçirilən mitinqdə Trampa qarşı sui-qəsddən 2 ay sonra baş verib.

 

Hadisənin ardından bölgədəki təhlükəsizlik orqanları, FTB və Gizli Xidmət mətbuat konfransı təşkil edib. Məlumata görə, Tramp qolf meydançasında olarkən qurumun əməkdaşlarından biri ucu kolların arasından çıxan silah görüb və sürətlə atəş açıb.

 

 

Şübhəli şəxs haqqında nələr məlumdur?

 

Şübhəli qara rəngli “Nissan” markalı avtomobillə hadisə yerindən qaçıb. Daha sonra hadisə şahidlərinin köməyi ilə tapılaraq nəzarətə götürülüb. Hücum Trampın Floridadakı malikanəsi, Mar-a-Laqodan təxminən 15 dəqiqəlik məsafədə, "West Palm Beach"dəki "Trump International Golf Club"da baş verib.

 

Amerika mətbuatında çıxan xəbərlərə görə, hücum edən 1966-cı il təvəllüdlü Rayan Uesli Routdur. Şübhəlinin göründüyü kolluqlardan AK-47 tipli avtomat, iki bel çantası və bir "GoPro" kamerası aşkar edilib. Məlum olub ki, Rout 2023-cü ildə "New York Times" qəzetinə danışıb və Ukraynaya dəstək haqqında açıqlamalar verib.

 

Rout deyib ki, o, Talibandan qaçan əfqanıstanlı əsgərləri işə götürməyə çalışır. Routun oğlu Oran atasını "sevgi dolu və qayğıkeş" kimi təsvir edib. Oran CNN-ə verdiyi açıqlamada “Floridada nə baş verdiyini bilmirəm. “Məncə, mənim tanıdığım adam dəlilik etməyib", - deyə bildirib.

 

 

Routun sosial media hesablarındakı paylaşımlarında Fələstin, Tayvan və Çin əleyhinə mesajlar var. Məlumata görə, Rout xarici döyüşçülərin Rusiya qüvvələrinə qarşı döyüşmək üçün Ukraynaya getməsini istəyənlər sırasındadır.

 

Hadisəyə reaksiyalar

 

Donald Tramp hücumdan sonra açıqlama verib: "Mən yanımda silah səsləri eşitdim, lakin şayiələr nəzarətdən çıxmazdan əvvəl bunu eşitmənizi istədim, mən təhlükəsizlikdəyəm və yaxşıyam. Mən heç vaxt təslim olmayacağam".

 

Hücumdan sonra ABŞ prezidenti Co Bayden və Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harris də açıqlama verib. Co Bayden keçmiş prezident Donald Trampın sağ-salamat olmasından məmnun olduğunu bildirib.

 

 

Kamala Harris isə X hesabında paylaşdığı mesajında yazıb: “Keçmiş prezident Trampın Floridadakı mülkünün yaxınlığında silah səslərinin eşidildiyi xəbərini aldım, onun təhlükəsizlikdə olmasına şadam. Amerikada zorakılığa yer yoxdur".



Xəbəri paylaş

75 dəfə oxunub.

Digər xəbərlər