Saytımızı qiymətləndirin


 
 

Gədəbəy adı ilə bağlı mübahisələrə dilçi alimdən REAKSİYA
Tarix: 14-04-2024 | Saat: 21:20
Bölmə:Karusel / Region | çapa göndər

Gədəbəy adı ilə bağlı mübahisələrə dilçi alimdən REAKSİYA

 

Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini dərc edir. Ötən günlərdə Gədəbəy rayonunun adı ilə bağlı yazımız sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Tanınmış dilçi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Şahlar Göytürk də məsələyə münasibət bildirib. Onun Gədəbəy adının mənşəyi haqqındakı yazısını təqdim edirik:


1. Mxitar Qoşun (səlcuqların hakimiyyəti dövründə Albaniyada baş vermiş hadisələrdən bəhs edən) "Alban xronikası" əsərində Gədəbəy əyalətinin adına rast gəlinir. Tədqiqatçılar bu adın qədim türk dilində "qüdrətli" mənasında işləndiyini qeyd edirlər.

2. Gədəbəy (Atabəyin oğlu)

3. Get, a bəy (müraciət kimi)

4. Oodabəy (mis bəyi) Guya ərəb mənşəlidir. Lakin bu fikir təsdiqini tapmayıb. Ərəb dilində mis "nuhas'' adlanır.

5. Kattabəy - katta, kətxuda. Keçmişdə əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs.

6. Kattabəy (ləqəb, uzun bəy)

7. Gədə (vəzifəcə kiçik) bəy və s.

Qeyd edək ki, "bak" sözünün həm "təpə'', həm də "gözətçi'' mənasında işləndiyini yazırlar. Bak (bax) feili dilimizdə "gözləmək", "qorumaq" mənasında da işlənir. "Bəkləmək" sözündəki "bək"lə kökdaşdır. Qədim türkcədə "bəkçi" sözü "gözətçi" mənasında işlənib.

"Gatta" sözünü də iki şəkildə izah etmək mümkündür. "Gat" sözü güd-mək feili ilə bağlı ola bilərdi. "Güdmək" feili "qorumaq", “gözləmək" mənasındadır.

Məlumdur ki, müşahidə məntəqələri hündür yerlərdə qurulurdu. Bu baxımdan gədik (hündür yer, zirvə) sözünün qədim "gat" kökü ilə bağlılığı şübhəsizdir.

Bu xüsusda bir məqama da diqqəti yönəltmək istərdim.

O dövrdə Çar Rusiyası bəyzadələri müflis etmək, yerlərdə kəndli-bəy qarşıdurması yaratmaq məqsədilə bəy nəslindən olmayanlara çoxlu sayda saxta bəy vəsiqəsi vermişdi. Lakin onlar xalq arasında quru bəy kimi tanınmış və ciddi nüfuz sahibi olmamışdılar. Beləcə el arasında "gədədən (nökərdən, yoxsuldan) bəy olmaz'' deyimi məhşurlaşmışdı.

Fikrimcə, Gədəbəy adındakı "gədə" sözü alban-türk dilindəki "keda" kəlməsi ilə bağlıdır. "Keda" "dağ" deməkdir. Doğrudan da, gədəbəylilər elə təbiətcə dağ vüqarlı insanlardır.

Bəzi ziyalılar Gədəbəy adının estetik olmadığını əsas gətirərək müxtəlif adlar təklif edirlər: Misyurdu, Mədən, Dədəbəy, Atabəy və s.

Qeyd edək ki, rayonun əvvəlki adı Mədən olub. 1930-cu ildə Gədəbəy adı rəsmiləşdirilib.

Göründüyü kimi, adın tərkibindəki "gədə" sözünün mənfi mənada olmadığı gün kimi aydındır. Biz də adın dəyişdirilməsinə etiraz edirik.

Vaxtilə öz sözlərimizi, yer-yurd adlarımızı unutdurmaq, gözdən salmaq məqsədilə müəyyən cəhdlər edilib.

Sözlərimizi, yer-yurd adlarımızı təftiş edərkən diqqətli olmalıyıq.



Şahlar Göytürk,
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri, 
Filologiya üzrə fəlsəfə doktoru, dosent



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər