Fevralın 8-də Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülmüş Zahid Oruc və Fuad Əliyev seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevə zəng ediblər.
Qarabaginfo.az İMZAİNFO-ya istinadən xəbər verir ki, namizədlərin hər biri demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkilərdə yenidən parlaq qələbə qazanması münasibətilə Azərbaycan Respublikasının Prezidentini səmimiyyətlə təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğunu bildiriblər.
Namizədlər budəfəki seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin bütün ərazisində keçirilməsinin mühüm tarixi hadisə olduğunu qeyd ediblər. Bunun əyani göstəricisi olaraq Prezidentin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səs verməsinin böyük siyasi və rəmzi məna daşıdığını vurğulayıblar.
Namizədlər Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın firavanlığı, yüksəlişi və qlobal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğu bütün hədəflərə çatmağı arzulayaraq, xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər diləyiblər.
Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı prezident seçkilərində iştirak edən namizədlər arasında konstruktiv dialoqa əsaslanan siyasi mədəniyyətin nümayiş etdirilməsini müsbət qiymətləndirərək seçkiqabağı təşviqat prosesi zamanı namizədlər tərəfindən səsləndirilmiş bir sıra təkliflərin nəzərə alınacağını qeyd edib.
Prezident İlham Əliyev seçkilərdə iştirak etmiş namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.