Saytımızı qiymətləndirin


 
 

“Jurnalistikadan uzaqlaşmamışam, belə fikrim yoxdur” - Azər Ayxan
Tarix: 04-08-2022 | Saat: 23:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Mən qəzetçilikdən, jurnalistikadan əsla uzaqlaşmamışam, belə fikrim də yoxdur. İnsan ən yaxşı bacardığı peşəni niyə atsın ki. Sadəcə olaraq iş yerimi dəyişmişəm"

"Ölkədə ictimai-siyasi vəziyyəti siyasi institutlar yox, sosial şəbəkələr diktə edir"

 

 Bir müddət əvvəl "Yeni Müsavat"ın baş redaktoru Azər Ayxan bəyanat yayaraq “Yeni Müsavat" Media Qrupu ilə yollarını ayırdığını və qəzetdəki vəzifəsindən istefa verdiyini açıqlamışdı. A.Ayxan bəyanatında istefa səbəbini açıqlamasa da, “bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır” deməklə arada anlaşmazlıq olduğuna eyham vurmuşdu. Aradan təxminən bir aya yaxın vaxt keçib. Həmkarımızın hansısa qurumda işləməsi barədə məlumatlı olmasaq da, sosial şəbəkələrdə statuslarına, ölkədə baş verən hadisələrə operativ reaksiyasına tez-tez rast gəlirik. Görünür, işdən çıxsa belə onun üçün yazmaq, gündəlik hadisələri dəyərləndirmək vərdiş halını alıb.   

 

Azər Ayxanın postlarından birini oxuyarkən maraq güc gəldi və “Yeni  Müsavat”ın sabiq baş redaktorunun hazırda harada, nə işlə məşğul olduğunu öyrənmək üçün  özüylə əlaqə saxladıq.  

 

- Azər bəy, istefa qərarınız “Yeni Müsavat”a aiddir, yoxsa media sahəsindən tamamilə uzaqlaşmısınız? Qarşıdakı günlərdə sizi yeni bir layihədə görəcəyik? 

 

- Jurnalistika mənim taleyimdir. İnsan taleyindən qaça bilməz. Mən də qəzetçilikdən, jurnalistikadan əsla uzaqlaşmamışam, belə fikrim də yoxdur. İnsan ən yaxşı bacardığı peşəni niyə atsın ki. Sadəcə olaraq iş yerimi dəyişmişəm. Daha doğrusu, işdən çıxmışam, jurnalistikadan yox. 

 

- Bəs, yay istirahətiniz necə keçir? Yoxsa siz də jurnalist harda olur- olsun, onun istirahəti xəbər axtarmaqdır düşüncəsindəsiniz? 

 

- Jurnalistin cismi dincəlsə də, beyni hər zaman “işləyir”. Biz fikir daşıyıcısı, söz adamıyıq. Ölkədə, dünyada baş verən bütün hadisələr maraq dairəmizdə olur. Bu hadisələrə ya peşəkar mediada rəy bildiririk, ya da sosial şəbəkələrdəki hesablarımız üzərindən düşüncələrimizi bölüşürük. Jurnalist xəbər yaydığı kimi, həm də xəbər toplayır. Eynən bal arısının funksiyasını icra edirik. Arı çiçəklərdən, bitkilərdən şirə çəkib, sonradan onu bal şəklində pətəklərə süzdüyü kimi, jurnalist də baş verənləri beyninə çəkir, sonra onu xəbər kimi pətəyə - kağıza, kompüterin yaddaşına hörür və oxucuya təqdim edir.  

 

- Son illər qəzetçilik və çap mediasına qarşı bir ayrı-seçkilik hiss olunur. Xüsusən də onlayn media nümayəndələri israrla qəzet dövrünün başa çatdığını, qəzetlərin ictimai rəyə təsir gücünün olmadığını iddia edirlər. İllərin qəzetçisi olaraq qəzetlərin gələcəyini necə görürsünüz? 

 

- Bu, bütün dünyada yaşanan bir tendensiyadır. Qəzet artıq əvvəlki funksiyasını, vacibliyini icra etmək gücündə deyil. Amma bundan tam imtina etmək də doğru sayılmaz. Avropa ölkələrinə gedəndə hər dəfə çap mediası ilə maraqlanıram. İşlərini elə qururlar ki, istehsal etdikləri qəzetlər satılsın, redaksiyaya pul gəlsin. Amma burda əsas amil reklam bazarının olmasıdır. Reklam gəlməsə, nə çap mediası ayaqda qala bilər, nə də onlayn media. Hazırda MEDİA-nın vasitəsi ilə qəzetlərə yardımlar olmasa, bu sahə batar, iflas edər. Dövlət 2009-cu ildən bəri qəzetlərin yaşaması üçün bu mexanizmi yaradıb. Nə qədər davam edəcək, onu demək bir az çətindir. 

 

- Ümumiyyətlə, kənardan baxanda Azərbaycan mətbuatı necə görünür? 30 ildən çoxdur proseslərin içində olmusunuz. Bu gün müvəqqəti də olsa fasilə vermisiniz…

 

- Mən mətbuata kənardan baxa bilmirəm. Hazırda işsiz olsam da, özümü mətbuatın içində bilirəm. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır, yaşamalıdır. Bu sahədə çox nəhəng imzalar yetişib. Yazılı mətbuatdan gələn imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlənirlər. Çox istəyərdim, qəzetlərimiz bu çətin dövrdə, az qalsın hər şeyin onlaynlaşan, elektronlaşan dövründə ayaqda qala bilsinlər. Bunun üçün ən vacib məsələ reklamdır. Reklam bazarı mətbuatın üzünə açılsa, vəziyyət kökündən dəyişər. 

 

- Son günlər ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələ aktuallaşıb. Müdafiə Nazirliyi, Baş Prokurorluq jurnalistlərə ciddi xəbərdarlıq edib, çağırışlar səsləndirir. Bunu fikir, söz azadlığına qarşı hesab edib narazılıq edən, lağ obyektinə çevirən həmkarlarımız çox oldu. Bu məsələdə sizin düşüncəniz necədir? 

 

- Dövlət maraqları olan yerdə hər şey ikinci plana keçməlidir. Müharibə aparırıqsa, yaxud hərbi əməliyyatlara hazırlaşırıqsa, söz azadlığı, jurnalist sərbəstliyi bir qədər arxa plana keçə bilər. Necə ki, Vətən müharibəsində bunu yaşadıq. Burda hər bir vətəndaşın, jurnalistin şəxsi keyfiyyətindən, vicdanından, peşəkar yanaşmasından da çox şey asılıdır. Məsələn, siz hər hansı xəbəri eşidərsiniz, hansısa hadisənin şahidi olarsınız, onu yazmadan, yaymadan öncə özlüyünüzdə götür-qoy edərsiniz ki, yazsanız, bir neçə min adam oxuyacaq, təmsil etdiyiniz qəzet, sayt İP toplayacaq. Bir də məsələyə vətəndaş kimi yanaşmaq lazım gəlir. “Əcəba, bu hadisəni yazsam, bu xəbəri yaysam, ölkəmin, dövlətimin mənafeyinə ziyan olarmı?”. Bu götür-qoy zamanı dövlətin, ölkənin mənafeyi nəyi tələb edirsə, onu etməliyik. Düzdür, bəzən deyirlər ki, jurnalist vətənpərvər yox, xəbərpərvər olmalıdır. Məncə bu, kifayət qədər mübahisəli tezisdir. 

 

Buna baxmayaraq, mən jurnalistlərin bu qədər hay-küylə prokurorluğa çağırılıb xəbərdarlıq edilmələrinə qarşıyam. Mətbuatla bağlı iki qurum var – Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi. Dövlətin hərbi sirlərinin yayılmasına təhlükə yarandıqda öncə bu qurumları və onların rəhbərlərini işə cəlb etmək olardı. Tutaq ki, hərbi məlumatları yayan jurnalistlər öncə o qurumlara dəvət edilərdilər. Əflatun Amaşovun, Əhməd İsmayılovun, bir neçə tanınan baş redaktorun iştirakı ilə həmin jurnalistlərlə dostcasına söhbət aparılardı. Onlara bu cür xəbərlərin yayılmasının dövlət maraqlarına zidd olduğu izah edilərdi. İnanıram ki, bunun təsiri olardı. Əgər bu söhbətlərdən sonra da jurnalist eyni hərəkəti təkrarlasa, o zaman hüquq-mühafizə orqanları prosesə qoşulardı. 

 

- Jurnalistlərin gündəm olduğu digər məsələ Yaylaq festivalı idi. Bu məsələdə də ziddiyyətli yanaşmalar çox oldu. Sizcə, haqlı-haqsız tərəf kimdi? 

 

- Bu narazılıq təşkilat işlərinin düzgün qurulmaması səbəbindən baş verdi. Söhbət hər mənada təşkilatçılıqdan gedir. Sən o sayda jurnalisti tədbirə apar, onlara sayğısızlıq et, xiyar-çörək ikram et, bu azmış kimi, onları təbiətin şıltaqlığı ilə baş-başa qoy, sonra da xoş söz eşitmək istə. İdeya yaxşıdır, lakin təşkilatçıların qeyri-peşəkarlığı və səhlənkarlığı bu ideyanı gözdən saldı. 

 

- Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı nə deyə bilərsiniz? 

 

- Ölkədə ictimai-siyasi vəziyyəti siyasi institutlar yox, sosial şəbəkələr diktə edir. Ona görə də bu haqda ciddi-ciddi nəsə danışmağı yersiz hesab edirəm. 

 

- Qarabağda son günlər hərəkətlilik var. Sosial şəbəkələrdə tez-tez müharibə anonsları verilir. Proseslər nə qədər irəliləyə bilər?

 

- Azərbaycan yarımçıq qalmış bir işi tamamlamaqda israrlı görünür. İşğal altında qalmış ərazilərimiz erməni işğalçılarından təmizlənməlidir. Bu bizim haqqımızdır. Beynəlxalq hüquq da bunu dəstəkləyir. İnanıram, gec-tez bu iş başa çatacaq və Azərbaycanın quzeyi bütövləşəcək. Əslində dövlətin bu gün keçirdiyi narahatlıqlar, məsələn, mediada bəzi xəbərlərin yayılması, bir sıra kadrların sosial şəbəkələrdə görüntülənməsi, ordumuzun dislokasiya yerlərinin bilərəkdən, bilməyərəkdən açıqlanması – hamısı gözlənilən hərbi əməliyyatlara hazırlıq mərhələsi də hesab edilə bilər. Azərbaycan böyük uğur zolağındadır. Bu zolağın bizi daha yaxşı, firavan gələcəyə daşıyacağına inanıram. (şərq.az)



Xəbəri paylaş

1180 dəfə oxunub.

Digər xəbərlər