Tarix: 05-02-2024 | Saat: 15:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçuların qida rasionunda hansı yeniliklər edilib? Bu istiqamətdə NATO və qardaş Türkiyənin qidalanma sistemi necə tətbiq olunur? Bir sözlə, şəxsi heyətin qida rasionu müstəqilliyin ilk illərindəki vəziyyətdən nə ilə fərqlənir?
Qarabaqifo.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən “Report”-a bildirilib ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və bölmələrinin hərbi qulluqçularının gündəlik isti yeməklərlə qidalanması hərbi hissələrdə (gəmilərdə) ştata uyğun yeməkxanalar, kambuzlar va kayut-kompaniyalar vasitəsilə həyata keçirilir:
“Hərbi qulluqçuların kontingenti və onların qida təminatı normalarından asılı olaraq hərbi yeməkxanalar əsgər, matros, kursant və zabit yeməkxanalarına bölünür. Şəxsi heyətin qidalanmasının düzgün təşkili, onların səhhətlərinin qorunması və möhkəmləndirilməsi, həmçinin döyüş və ictimai hazırlığının yüksəldilməsi ən mühüm şərtlərdəndir. Buna görə də hərbi hissə komandirləri, maddi-texniki təminat bölmə rəisləri və ərzaq xidməti rəisləri şəxsi heyətin keyfiyyətli, tam dəyərli, dadlı və müxtəlif çeşidli yeməklərlə qidalanmasının təmin edilməsinə daim qayğı göstərirlər.
Hərbi qulluqçuların ərzaq payı normaları Nazirlər Kabinetinin 8 yanvar 2013-cu il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilib. Ərzaq payı normaları əsas və quru ərzaq paylarına bölünür. Əsas ərzaq payı normalarına ümumqoşun ərzaq payı norması, dənizçi heyəti üçün ərzaq payı norması, uçuş heyəti üçün ərzaq payı norması, müalicə ərzaq payı norması və kursant ərzaq payı norması daxildir. Hərbi lisey kursantları üçün ərzaq payı normasına xüsusi təyinatlı dəstələrinin ərzaq payı norması, kəşfiyyat qrupları üçün ərzaq payı norması, ümumqoşun quru ərzaq payı normaları daxildir. Əsas ərzaq payı normalarından başqa müxtəlif xüsusi şəraitlərdə xidmət edən hərbi qulluqçulara müxtəlif əlavə ərzaqlar verilir. Əsas ərzaq payı normasına əlavə ərzaqların verilməsi hərbi qulluqçuların müxtəlif iqlim, ərazi və çətin xidmətlə bağlı şəraitlərdə enerjisini daha da çoxlu miqdarda itirməsi ilə əlaqələndirilir”.
Nazirlikdən qeyd edilib ki, adi şəraitdə xidmət edən hərbi qulluqçuların ərzaq payı normalarının enerji dəyəri ümumqoşun ərzaq payı norması üzrə gündəlik 4 000-4 100 kkal, dənizçi heyəti üçün ərzaq payı norması üzrə gündəlik 4 035-4 120 kkal, uçuş heyəti üçün ərzaq payı norması üzrə gündəlik 4 385-4 450 kkal, müalicə ərzaq payı norması üzrə gündəlik 3 934-4 000 kkal, kursant ərzaq payı norması üzrə gündəlik 3 930-4 050 kkal, hərbi lisey kursantları üçün ərzaq payı norması üzrə gündəlik 4 400-4 500 kkal, xüsusi təyinatlı dəstələrin ərzaq payı norması üzrə 4 974-5 000 kkal enerji dəyərinə malikdir.
“2013-cü ildən etibarən milli yeməklər hərbi qulluqçuların qida rasionuna daxil edilib. Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə alınmaqla müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər), küftə-bozbaş, parça-bozbaş, düşbərə, səbzi plov, dovğa və digər milli yeməklərin bişirilməsinə üstünlük verilir. Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün yay mövsümündə 4,5 litr (2 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün), qış vaxtı isə 3,5 litr (1 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün) iç qablaşdırılmış su təminat normalarına daxil edilib”, - məlumatda bildirilib.
Nazirlikdən, həmçinin qeyd edilib ki, iş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir:
“Hərbi hissələrin təhlükəli, əlverişsiz, yüksək dağlıq şəraitində yerləşən bölmələrinin şəxsi heyəti üçün uzunmüddətli konservləşdirilmiş 1-ci və 2-ci hazır milli və keyfiyyətli yeməklərlə təmin edilməsi üzrə lazımi tədbirlər görülüb. Belə ki, tez bir zamanda yeməklərin hazırlanmasını asanlaşdırmaq və şəxsi heyəti çeşidli yeməklə təmin etmək məqsədilə müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər, qarışıq dolma), küftə, tas kabab, ətli noxud, ətli lobya, ətli yaşıl lobya və mərcimək şorbası konservləşdirilmiş halda şəxsi heyətin qidalanmasına daxil edilib.
Şəxsi heyətin qidalanmasının yaxşılaşdırılması məqsədilə ərzaq növlərinin çeşidləri artırılaraq 50 növ ərzaqdan 125 növ ərzağa çatdırılıb. Yeni inşa edilən yeməkxanalarda şəxsi heyət üçün isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması üçün çörəkbişirmə sexləri nəzərdə tutulub. Həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları olaraq müxtəlif çeşidli bulkalar bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir. Yeməklərin keyfiyyətinin və çeşidliliyinin artırılması, eləcə də şəxsi heyətə milli, dadlı xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz olunub”.
Qurumun mətbuat xidmətinin məlumatına görə, şəxsi heyətin mənəvi-psixoloji durumu öyrənilən zaman məlum olub ki, qidalanma zamanı əsgərlər tərəfindən milli yeməklərə üstünlük verilir:
“Bu da çox müsbət qarşılanır. Bu səbəbdən sovet ordusunun dövründə olan buğda yarması, darı, arpa, yulaf kimi ərzaq növləri əsas normadan çıxarılaraq, milli yeməklərimiz olan küftə, parça-bozbaş, qarışıq dolma, düşbərə, müxtəlif çeşidli plov və digər milli yeməklərlə əvəz olunub. Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması və gündəlik normanın çatdırılması daimi olaraq nəzarətdə saxlanılır. Şəxsi heyətin təzə ərzaq məhsulları ilə təmin edilməsi üçün əlavə olaraq zəruri tədbirlər həyata keçirilir. Bundan başqa, uzun müddətdir ki, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədi ilə Azərbaycan Ordusunda hərbi qulluqçular təsərrüfat işlərinin görülməsi və yeməklərin hazırlanması kimi işlərdən azad edilib”.
Daxili Qoşunlarda qidalanma necədir?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Daxili Qoşunlarda şəxsi heyətin normaya uyğun, keyfiyyətli qidalanması diqqət mərkəzindədir.
“DİN-in Daxili Qoşunlarının hərbi hissələrinin əsgər yeməkxanalarının fəaliyyəti normativlərə uyğun təşkil olunur. Hərbi hissə komandanlığının xüsusi nəzarətində olan əsgər yeməkxanalarında hazırlanan qidanın keyfiyyəti, eləcə də buradakı səliqə-sahmana və gigiyenik qaydalara ciddi əməl edilir. Qidaların hazırlanması və rasiona uyğun təşkili ilə xüsusi hazırlığı ilə seçilən mülki işçi heyəti məşğul olur. Hərbi hissələrdə şəxsi heyətinin qida rasionunda milli mətbəxə üstünlük verilir. Belə ki, şəxsi heyətin qidalanması müvafiq əmrin tələbləri əsasında təşkil olunur. Həftə ərzində hərbi qulluqçular normativlə müəyyən olunan qida ilə təmin edilir. Xüsusilə qida rasionuna birinci xörək yarmalı şorba, lobya şorbası, kələm borşu, düyü şorbası, noxud şorbası, küftə bozbaş, ikinci xörək olaraq isə qarabaşaq - mal əti ilə, makaron - mal əti ilə, plov - mal əti ilə, kartof əzməsi - mal əti ilə, kartof əzməsi - mal əti konservi ilə, kələm dolması, mal əti sousu və s. daxildir. Bununla yanaşı, gündəlik olaraq mövsümi salatlar və meyvə şirələri də verilir”, - deyə məlumatda qeyd olunub.
Digər xəbərlər