“Qarabağdakı erməni ictimaiyyətinin nümayəndələrinin rəsmi Bakının görüş təklifindən imtina etməsi və dialoqdan boyun qaçırması bir reallığı ortaya qoyur”.
Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Deputat deyib ki, Ermənistanla postmünaqişə dövründə normallaşma başqa bir proses, Qarabağ erməniləri ilə dialoq isə daxili işimiz kimi başqa bir proses, istiqamətdir:
“Qarabağın erməni sakinləri ilə dialoq və onların reinteqrasiya məsələlərini biz Azərbaycanın daxili işi hesab edirik. Rəsmi Bakı Qarabağdakı erməni ictimaiyyətinin nümayəndələrinə görüş təklif etməklə bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu, Azərbaycanın daxili işidir və heç bir ölkəyə, tərəfə ölkəmizin daxili işlərinə qarışmağa imkan verməyəcək. Bununla bərabər, təəssüf ki, Qarabağdakı mövcud olan aqressiv separatçı ünsürlər və onları dəstəkləyən Ermənistan, erməni diasporu hələ revanşist hislərlə yaşayırlar. Bu kontekstdə Qarabağdakı erməni ictimaiyyətinin nümayəndələrinin dialoqdan imtina etməsi Azərbaycana qarşı hazırlanan, planlaşdırılan təxribat kampaniyalarının bir “müjdə”sidir”. Növbəti təxribatları gözləmək lazımdır. Çünki hələ də Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində 10 min nəfərlik qanunsuz silahlı birləşmələri mövcuddur, ərazilərimizdən çıxarılmayıb. Üçtərəfli Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilməyib”.
Tural Gəncəliyev qeyd edib ki, Ermənistanın destruktiv siyasətinə baxmayaraq, rəsmi Bakının konstruktiv təkliflərinə neqativ yanaşılması ölkəmizə qarşı təxribat kimi qiymətləndirilməlidir:
“Qarabağın erməni sakinlərinin başqa yolu yoxdur. Onlar Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməlidir. Qarabağın erməni sakinləri separatçı ünsürlərdən özlərini ayırmalıdırlar. Elan etməlidirlər ki, onların aqressiv, separatçı quldur dəstələri ilə heç bir əlaqələri və assosiasiyaları yoxdur”.