Tarix: 28-12-2023 | Saat: 15:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
UNEC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
UNEC-də təşkil olunan imzalanma mərasimində rektor, professor Ədalət Muradov Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova universitetin fəaliyyəti, inklüziv təhsil mühiti, iş dünyası ilə əlaqələr, məzunların işlə təminatı və s. barədə ətraflı məlumat verib. Rektor UNEC-də “Sosial iş” ixtisası üzrə 2 dildə mütəxəssis hazırlığının aparıldığını və bu il həmin ixtisas üzrə ilk məzunların olacağını diqqətə çatdırıb.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyəti və göstərdiyi xidmətlərdən danışıb. Ölkə üzrə agentliyin filial və müəssisələrində bütün yaş kateqoriyalarından olan əhaliyə səyyar və stasionar xidmətlərin göstərildiyini bildirib. V.Behbudov göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə sosial xidmətlər üzrə mütəxəssis hazırlığı istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı müvafiq ixtisas üzrə birgə mütəxəssis hazırlığı, UNEC İnklüziv Təhsil Mərkəzinin potensialından yararlanmaq, səsli dərsliklərin hazırlanması, tələbələrin istehsalat təcrübəsinin təşkili, birgə təlimlərin keçirilməsi və digər məsələlər müzakirə olunub.
Sonda tərəflər arasında anlaşma memorandumu imzalanıb. Memorandumda sosial xidmət sahəsində elmi-təcrübi əlaqələrin inkişaf etdirilməsi, ictimai-sosial maraqlara xidmət edən əlaqələrin qurulması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Digər xəbərlər