Tarix: 28-10-2023 | Saat: 12:17
Bölmə:Karusel / Dünya | çapa göndər
Qazaxıstanın Qaraqanda vilayətindəki Kostenko mədənində baş verən partlayış zamanı həlak olanların sayı 21 nəfərə çatıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə "KazTag" agentliyi məlumat yayıb.
Mədəndə qəza bu gün, oktyabrın 28-də səhər saatlarında baş verib. İlkin məlumata görə, qəzaya səbəb mədəndə baş verən metan qazı partlayışı olub. Qəza zamanı yerin altında 252 nəfər var imiş.
Mədəni idarə edən “ArcelorMittal Temirtau” ASC-nin icraçı direktoru Viktor Qafiulov bildirib ki, şaxtada 40 nəfər qalıb. Hadisə yerində 40 xilasedici işləyir.
Mədəndə baş vermiş yanğınla bağlı mədən və ya tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozma maddəsi (Qazaxıstan Cinayət Məcəlləsinin 277-ci maddəsinin 3-cü hissəsi) ilə ibtidai istintaq başlanıb. Qazaxıstanın Baş Prokurorluğu baş vermiş qəza ilə bağlı cinayət işi açıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə “Arcelormittal Temirtau” şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şaxtada baş vermiş yanğın nəticəsində həlak olan şaxtaçıların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib... Dövlət başçısı hökumətə həlak olanların ailələrinə hər cür yardım göstərməyi tapşırıb. Baş verənlərin şəraitini aydınlaşdırmaq üçün hökumət komissiyası yaradılıb”, - deyə Tokayevin mətbuat xidməti bildirib.
Digər xəbərlər