Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Ermənistan bu kəndləri dəyişir – SON DƏQİQƏ
Tarix: 13-07-2023 | Saat: 11:19
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycanla Ermənistan bu kəndləri dəyişir – SON DƏQİQƏ

“Anklav problemləri müxtəlif ölkələr arasında sərhədyanı bölgələrdə yaşanır, hətta işlər hərbi toqquşmalara qədər gedib çatır. Öz timsalımızda da bunun şahidi olmuşuq”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O, Ermənistanın “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qagik Melkonyanın Kərki və Başkənd haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Melkonyan Kərki və Başkəndin danışıqlar prosesində iki ölkə arasında dəyişdirilə biləcəyini vurğulayıb:

“Başkənd anklavdır, ora çatmaq üçün bizə dəhliz lazımdır. Yaxud Kərkiyə çıxış əldə etmək üçün onlara (Azərbaycana – red.) dəhliz lazımdır”.

Öz növbəsində, T.Abbasov aydınlaşdırıb ki, məsələnin həlli yalnız danışıqlar yolu ilə mümkündür:

“Başqa heç bir variant yoxdur. Çünki Ermənistan istənilən halda danışıqlardan qaçır, çəkinir, qorxur və özbaşına qərar qəbul etməyə cürət etmir. Bilirik ki, Ermənistanın siyasi rəhbərliyi istənilən məqamda xarici qüvvələrlə məsləhətləşib onların yedəyində gedir.

Bu məsələ isə belədir ki, tərəflər həmin anklavlarda yaşayan insanların vəziyyətini anlamalıdır. Problemin həllini isə ancaq bir-birimizi eşitməklə həll edə bilərik. Təcrübədə həm ərazi, eləcə də kəndlərin mübadiləsi prosesi olub. Çünki bir kənd varsa, deməli, onun infrastrukturu da var və orada insanlar da yaşayıb. Əgər biz bundan vaz keçiriksə, onda qarşı tərəf də gərək bizə ərazi payı versin”.

Analitik hesab edir ki, bu məsələdə istər-istəməz ölçülü davranmaq lazımdır:

“Ölçülü davranmağın da yolu ondan ibarətdir ki, təmaslar məqsədyönlü şəkildə aparılsın, tərəflər bir-birilərini eşitsinlər və ortaq bir məxrəc tapılsın. Ermənistan isə ümidlərimizi hələ ki doğrultmur. Əksinə, istənilən məsələdə süründürməçiliyi rəhbər tutur, çalışır ki, həllini tapmış məsələlər yenidən müzakirə olunsun. Qısası, “saqqızı” uzadır, ləngidir, süründürür ki, təki nələrəsə nail olsun. Onsuz da Ermənistanın şakəri budur. Amma vəziyyət artıq bölgədə elə bir həddə gəlib çatıb ki, bu nömrələr artıq keçərli deyil. Ermənistan bunu anlamalıdır ki, belə yalançı və avantürist gedişlərlə bizim yox, əksinə, problemlərini genişləndirir və ağırlaşdırır”.

Siyasi təhlilçi iddia edib ki, Azərbaycan lazım bilsə, yenidən güc tətbiq etməklə də problemlərini həll edə bilər:

“Çünki Ermənistan bilir ki, Azərbaycan sözü havaya atmır, əksinə, deyirsə, dediyinin arxasında durur və istəyini edir. Vəziyyətin bu həddə çatmaması üçün də gərək Ermənistan özü üçün lazımi qənaətləri çıxarsın və bilsin ki, kənd məsələlərin arxasında insanların taleyi durur. Yəni uzatmağa dəyməz. Heç olmasa, bu istiqamətdə İrəvanla ortaq məxrəcə gəlib razılıq əldə edə bilsək, bu, həm də digər məsələlərin həllində öz pozitiv həllini göstərəcək”.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər