Tarix: 05-02-2024 | Saat: 15:47
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli xaricdə yaşayan jurnalist Qənimət Zahidə müsahibə verib.
Müsahibədə səsləndirilən fikirlər barədə Qarabaqinfo.az-a açıqlama verən Milli Məclisin YAP-dan olan deputatı Siyavuş Novruzov onun müsahibədə səsləndirdiyi fikirləri sərt tənqid edib. Deputat Əli Kərimlinin müsahibəsini "ac toyuq kimi yuxusunda darı görər" misalı ilə müqayisə edib.
"Bir tərəfdən Azərbaycan bayrağı, bir yanda da prezident ştandartı qoyub və fərman imzalayıb. Sual olunur ki, sən kimsən, hansı fərmanı imzalayırsan? Fərmanın mahiyyəti də ondan ibarətdir ki, bu, kiməsə müxalifətçilik statusu verir. Bu səlahiyyətləri sənə kim verir? Səlahiyyətləri xalqdan, ya dövlətdən almısan? Təbii ki, xaricdə oturan ağalarının tapşırığını yerinə yetirirsən. Burada o tapşırıqlar yerinə yetmir", - Siyavuş Novruzov qeyd edib.
Deputat Əli Kərimlinin evdən çölə çıxa bilmədiyini və hansısa seçkidə qalib gəlmədiyini vurğulayıb:
“Qeyd etmək istəyirəm ki, cavanlıqdan bu adamı tanıyıram. Bunun kimi kariyerist adam olmayıb. Universitetdə oxuyan zaman fakültə komsomolunun katibi seçilməkdən ötəri rektorların sağından-solundan keçirdi. Hansı seçkidə işirak edib, qələbə qazanıb? Cəmi bir dəfə parlamentə seçilib. Həmin vaxtda seçkilər peoporsional qaydada həyata keçirilib. Yəni ona yox, partiyaya səs veriblər. Bundan sonra nə prezident, nə parlament seçkilərində iştirak edib. Yalandan bəhanə edir. Evdə qırt toyuqlar kimi yumurta üstündə oturur. Silkələnə-silkələnə oturur ki, bala çıxardacaq. Müsahibə verir Qənimət Zahidə, bir də Osmanın qızına, qalan funksiyası olubmu? Qapıdan çölə çıxıbmı? İctimaiyyət arasında görünübmü? Hara gedirsə, qorxusundan ətrafına arvad dəstəsi yığır. Mən hər gün bulvarda tək-tənha gəzirəm. Çıx sən də gəz. Sənə mane olan, nəsə edən var? Bir yerdə otur, bir çay iç. Yox, bu evindən çölə çıxa bilmir. Onun gözlərinə baxanda görürsən ki, psixi xəstədir. İndi fərman verir ki, kimlərə müxalifətçilik statusu verir”.
Deputat vurğulayıb ki, Xalq Cəbhəsi vaxtı müavin işləyən digər şəxslərdən də Əli Kərimlinin üstünlüyü yoxdur:
“Səninlə paralel işləyən müavinlər olub. Mənim dostum Mirmahmud Fəttayev müavin işləyəndə, parlamentin üzvü olanda sən “Azadlıq" qəzetinin müxbiri olmusan. İndi hansı əsasa görə mən ondan üstünəm deyə bilərsən? Yaxud necə deyə bilərsən ki, Fazil Qəzənfəroğludan, Qulamhüseyn Əlibəylidən üstünsən? Qulamhüseyn Əlibəyli Ali Məclisin sədri və mənim müəllimim olub. Deyir ki, bundan yuxarı olmuşam. Axı sən nə savadınla, nə qabiliyyətinlə, nə də bacarıq və dünya görüşünlə bunların qabağında olan adam deyilsən? Sən bunlardan bir şeydə üstünsən - vətəni, xalqı, milləti satmaqda, onların əleyhinə danışmaqda. Qarabağ məsələsində bütün millət birləşəndə sən ermənilərə qoşuldun. Bu cür adam guya fərman imzalayır”.
Digər xəbərlər