Tarix: 14-11-2026 | Saat: 20:39
Bölmə:Karusel / Dünya | çapa göndər
Fransanın paytaxtı Parisdə bahalaşmaya, uşaqlara qarşı zorakılığa və polis əməkdaşlarının silah tətbiqi ilə bağlı qanun layihəsinə etiraz olaraq genişmiqyaslı aksiya keçirilir.
Qarabaginfo.az AFP-yə istinadən xəbər verir ki, “Sarı jiletlilər”in koordinasiyası ilə təşkil olunan və gənclər təşkilatları, həmkarlar ittifaqları və digər hərəkatların dəstəklədiyi yürüş Respublika meydanından Millət meydanına qədər davam edir.
Bildirilib ki, Paris Polis Prefekturası aksiyanın keçirilməsinə icazə verib. Aksiyada müxtəlif təşkilatlar, o cümlədən CGT, FSU və FO-nun Paris regionundakı strukturları ilə yanaşı, insan hüquqları təşkilatları və uşaq hüquqlarını müdafiə edən qruplar iştirak edir.
Nümayişçilər həyatın bahalaşmasına, uşaqlara və yeniyetmələrə qarşı zorakılığa, həmçinin hüquq-mühafizə orqanlarının silah tətbiqinin qanuni hesab edilməsinə dair qanun layihəsinə etiraz edirlər.
Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, aksiyanın təhlükəsizliyinin təmin olunması üçün şənbə günü ölkə üzrə təxminən 70 min polis və jandarm əməkdaşı xidmətə cəlb ediləcək.
Qeyd edək ki, noyabrın 17-də Fransada dövlət qulluğu həmkarlar ittifaqlarının çağırışı ilə ayrıca etiraz aksiyaları və tətil keçirilməsi planlaşdırılır.
Digər xəbərlər


















