Tarix: 24-10-2023 | Saat: 14:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi üçün 2023-cü ilin sonlarında referendum keçiriləcəyi barədə iddialar dolaşır. Hələ 2022-ci ilin əvvəlindən gündəmə daşınan bu məsələ indiyədək gerçəkləşməyib.
Xatırladaq ki, Azərbaycanda sonuncu ümumxalq səsverməsi 2016-ci il 26 sentyabrda baş tutub.
Bəs bu il referendum keçiriləcəksə, Konstitusiyada hansı dəyişikliklər ola bilər?
Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa yeni konstitusiyanın qəbulu, yaxud əlavə dəyişikliklərlə bağlı zərurət yarandığını vurğulayıb:
“Mənim fikrimcə, yeni Konstitusiya qəbul olunmalıdır. Bu sənəddə bir sıra dəqiqələşdirmələr aparılmalıdır. Xüsusən də Naxçıvan və Qarabağla bağlı bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Prezidentin xüsusi nümayəndəliyi və digər institutlar yaranıb. Bunlarla bağlı da yeni müddəalar Konstitusiyada öz əksini tapmalıdır. Bir sıra dəqiqləşdirmələr də aparılmasa, Konstitusiyanın müəyyən müddəalarının həyata keçirilməsinə çətinliklər yaradacaq təzadlar ortaya çıxacaq. Seçki məsələlərində əgər bir uzlaşma olursa, yeni müddəaların Konstitusiyaya salınması zərurəti yaranır”.
Deputat söyləyib ki, yeni situasiyanı özündə ehtiva edən Konstitusiyanın qəbul olunması zəruridir:
“Ümumiyyətlə, Azərbaycanın oktyabrın 15-dən sonra yaranmış yeni durumuyla bağlı qanunvericilikdə, Anayasada zəruri dəyişikliklərin edilməsi bütövlükdə cəmiyyət həyatında proseslərə daha aydın və fərqli formada yanaşma ortaya qoyacaq. Bir çox konvesiyaları biz qeyd-şərtlə imzalamışıq. Xüsusilə də, ərazi bütövlüyünə aid məsələlərdə həmişə ehtimal yeri saxlamışıq ki, dövlətimiz zərər çəkməsin. İndi isə o müddəaların da xeyli hissəsinin dəyişməsinə getmişik. Artıq konvensiyaların çoxunu qeyd-şərtsiz imzalayırıq. Konstitusiyaya baxışımız da bu modellə olmalıdır. Yeni yaranmış situasiyanı, qələbəmizi ehtiva edən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonrakı dövrün Konstitusiyasının olması zəruridir”.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də Konstitusiyaya dəyişikliklərin zəruri olduğunu söyləyib:
“İctimai münasibətlər inkişaf etdikcə hüquq normaları da həmin münasibətləri düzgün tənzimləmək imkanına malik olmalıdır. O cümlədən dövlətin bir çox institutlarının təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Hüquq normaları ictimai münasibətlərin arxasınca getməli deyil, bəzi hallarda onun daha da inkişafına imkan verməlidir. Konstitusiya elə siyasi, hüquqi aktdır ki, burada mövcud vəziyyətin hüquq normalarına transformasiyasından söhbət gedir. Düşünürəm ki, Azərbaycan Konstitusiyası hüququn bütün norma və prinsiplərini özündə ehtiva edən siyasi, hüquqi aktdır. Bununla belə, zaman-zaman Konstitusiyaya dəyişikliklər edilməsi zəruridir. Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra yeni situasiya yaranıb. Yeni inkişaf meyilləri var. Eləcə də hüququn qlobal çağırışları var. Siyasi təhlükəsizlik arxitekturası dəyişməkdədir. Şübhəsiz ki, ona cavab verən Konstitusiya da olmalıdır”.
Ə.Nuriyevin fikrincə, bir sıra məsələlərin Konstitusiyada öz təzahürünü tapmasına ehtiyac yaranıb:
"Zəfərin əldə olunması, ərazi bütövlüyünün təmin edilməsi və suverenliyin bərpa olunması yeni adekvat dəyişikliklər tələb edir. O cümlədən siyasi müstəvidə də yeni konfiqurasiyalar yaranmaqdadır. Azərbaycan daxili və beynəlxaq siyasi proseslərdə dövlət kimi artıq tamam fərqli mövqedədir. Azərbaycanın mövqeyi olduqca möhkəmlənib. Hakimiyyət qolları arasında daha doğru-düzgün tarazlığın təmin edilməsi də çox vacib məsələdir. Yerli özünüidarə institutunun təkmilləşdirilməsinə ehtiyac var. İcra hakimiyyətinin yüksək qurumu olan hökumətin - Nazirlər Kabinetinin özünün statusu məsələsinə baxmaq lazımdır.
Azərbaycanda 2016-cı ildə vitse-prezidentlik institutu yaradıldı. Bu institut çox uğurla fəaliyyət göstərir. Siyasi partiyalar sistemində çox uğurlu konfiqurasiya yaranıb. Bazar iqtisadiyyatına keçməklə bağlı, iqtisadi islahatların aparılmasında həm də idarəetmə sisteminin çevik olması çox zəruri idi.
2018-ci ildə İlham Əliyev üçüncü dəfə prezidentlik məqamına yüksələndə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm vəzifələr ortaya qoydu. Bu təkmilləşdirmələr Konstitusiyada da öz nəticəsini tapmalıdır. Bu istiqamətdə dəyişikliklər olmalıdır. Mən ümumiyyətlə, Nazirlər Kabinetinin struktur olaraq, mövcud iqtisadi islahatların ruhuna uyğun olmadığı qənaətindəyəm. Hesab edirəm ki, Nazirlər Kabinetinə ehtiyac yoxdur. Birinci vitse-prezidentlik institutunun inkişaf etdirilməsi çox vacib məqamlardan biri ola bilər. Eyni zamanda, parlamentin formalaşdırılması məsələsi var. Proporsional seçki sistemini Konstitusiyaya gətirmək mümkündür. Konstitusiyada həmçinin, Milli Məclisin üzvlərinin sayının artırılması məsələsinə baxmaq olar".
Ə.Nuriyev ikipalatalı sistemlə bağlı da düşünməyin mümkünlüyündən bəhs edib:
"İqtisadi zonalardan hər birindən iki nəfər təmsil olunmaqla, eyni zamanda, bunun yarısı qədər Prezident tərəfindən təyin olunan senatorlar olmaqla ikipalatalı sistemə keçid mümkündür. Bu, hakimiyyətin fəaliyyətinin tarazlığının təyin edilməsinə töhfə verə bilər. Eyni zamanda, bələdiyyə sistemində dəyişikliklər edilməlidir. Mən düşünürəm ki, yerli icra hakimiyyəti strukturlarına ehtiyac yoxdur. Bələdiyyələrin daha da böyüməsinə ehtiyac vardır. Yerli hakimiyyətin bütün strukturlarının bələdiyyələrə verilməsi çox vacibdir. Yəni bələdiyyə sistemini Türkiyə modelində qurmaq olar. Yerli idarəetmə sistemi məsuliyyətli görünmür. Onu daha məsuliyyətli etmək lazımdır".
Digər xəbərlər