Ana Sayfa > Karusel / Gündəm > Konstitusiya dəyişə bilər - Referendum GÖZLƏNTİSİ VAR
Konstitusiya dəyişə bilər - Referendum GÖZLƏNTİSİ VAR24-10-2023, 14:56. Yazar: Admin |
Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi üçün 2023-cü ilin sonlarında referendum keçiriləcəyi barədə iddialar dolaşır. Hələ 2022-ci ilin əvvəlindən gündəmə daşınan bu məsələ indiyədək gerçəkləşməyib. Xatırladaq ki, Azərbaycanda sonuncu ümumxalq səsverməsi 2016-ci il 26 sentyabrda baş tutub. Bəs bu il referendum keçiriləcəksə, Konstitusiyada hansı dəyişikliklər ola bilər? Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa yeni konstitusiyanın qəbulu, yaxud əlavə dəyişikliklərlə bağlı zərurət yarandığını vurğulayıb:
Deputat söyləyib ki, yeni situasiyanı özündə ehtiva edən Konstitusiyanın qəbul olunması zəruridir: “Ümumiyyətlə, Azərbaycanın oktyabrın 15-dən sonra yaranmış yeni durumuyla bağlı qanunvericilikdə, Anayasada zəruri dəyişikliklərin edilməsi bütövlükdə cəmiyyət həyatında proseslərə daha aydın və fərqli formada yanaşma ortaya qoyacaq. Bir çox konvesiyaları biz qeyd-şərtlə imzalamışıq. Xüsusilə də, ərazi bütövlüyünə aid məsələlərdə həmişə ehtimal yeri saxlamışıq ki, dövlətimiz zərər çəkməsin. İndi isə o müddəaların da xeyli hissəsinin dəyişməsinə getmişik. Artıq konvensiyaların çoxunu qeyd-şərtsiz imzalayırıq. Konstitusiyaya baxışımız da bu modellə olmalıdır. Yeni yaranmış situasiyanı, qələbəmizi ehtiva edən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonrakı dövrün Konstitusiyasının olması zəruridir”. "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də Konstitusiyaya dəyişikliklərin zəruri olduğunu söyləyib: “İctimai münasibətlər inkişaf etdikcə hüquq normaları da həmin münasibətləri düzgün tənzimləmək imkanına malik olmalıdır. O cümlədən dövlətin bir çox institutlarının təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Hüquq normaları ictimai münasibətlərin arxasınca getməli deyil, bəzi hallarda onun daha da inkişafına imkan verməlidir. Konstitusiya elə siyasi, hüquqi aktdır ki, burada mövcud vəziyyətin hüquq normalarına transformasiyasından söhbət gedir. Düşünürəm ki, Azərbaycan Konstitusiyası hüququn bütün norma və prinsiplərini özündə ehtiva edən siyasi, hüquqi aktdır. Bununla belə, zaman-zaman Konstitusiyaya dəyişikliklər edilməsi zəruridir. Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra yeni situasiya yaranıb. Yeni inkişaf meyilləri var. Eləcə də hüququn qlobal çağırışları var. Siyasi təhlükəsizlik arxitekturası dəyişməkdədir. Şübhəsiz ki, ona cavab verən Konstitusiya da olmalıdır”.
Ə.Nuriyevin fikrincə, bir sıra məsələlərin Konstitusiyada öz təzahürünü tapmasına ehtiyac yaranıb:
Ə.Nuriyev ikipalatalı sistemlə bağlı da düşünməyin mümkünlüyündən bəhs edib: "İqtisadi zonalardan hər birindən iki nəfər təmsil olunmaqla, eyni zamanda, bunun yarısı qədər Prezident tərəfindən təyin olunan senatorlar olmaqla ikipalatalı sistemə keçid mümkündür. Bu, hakimiyyətin fəaliyyətinin tarazlığının təyin edilməsinə töhfə verə bilər. Eyni zamanda, bələdiyyə sistemində dəyişikliklər edilməlidir. Mən düşünürəm ki, yerli icra hakimiyyəti strukturlarına ehtiyac yoxdur. Bələdiyyələrin daha da böyüməsinə ehtiyac vardır. Yerli hakimiyyətin bütün strukturlarının bələdiyyələrə verilməsi çox vacibdir. Yəni bələdiyyə sistemini Türkiyə modelində qurmaq olar. Yerli idarəetmə sistemi məsuliyyətli görünmür. Onu daha məsuliyyətli etmək lazımdır". Geri dön |