Saytımızı qiymətləndirin


 
 

Ölkədə böyük sürprizlər olacaq – Hakimiyyət hər kəsi heyrətləndirəcək prosesə start verib
Tarix: 24-10-2023 | Saat: 12:22
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

Bir dövr qapandı, bir dövr açılır. Azərbaycanda yeni mərhələ başlayıb. Heç nə əvvəlki kimi olmayacaq. Oktyabrın 15-dən yeni mərhələyə addım atmışıq – həm fərd, həm xalq, həm ölkə, həm də region olaraq…

Yeni mərhələ yeni yanaşma və dəyişikliklər tələb edir. Buna görə 2024-cü il islahatlarla, dəyişikliklərlə zəngin olacaq. Qarabağ məsələsinin həllindən sonra ölkədə radikal islahatların aparılacağı qaçılmaz görünür.
19-20 sentyabr antiterror tədbirlərindən sonra yaranan reallıq isə bu ehtimalı daha da gücləndirib. Ölkənin taleyi dəyişib, ərazi bütövlüyü bərpa edilib.

İki ildir deyilir ki, referendum keçiriləcək, ardınca Milli Məclisə seçkilər olacaq. Artıq yeni yaranan şərait bunları qaçılmaz edir. O da deyilir ki, seçkilər gələn ilin payızına təyin ediləcək.

Bunun nə qədər real olduğunu indidən söyləmək çətindir. Proseslərin sürətlənməsi, inkişaf trayektoriyası bu gözləntilərin reallıq dərəcəsini artırır ki əskiltmir.

Bəs yeni seçkini qaçılmaz edən nədir? Hökumət niyə buna getsin? Həm də 1 il tez…

Globalinfo.az-a daxil olan məlumata görə, hakimiyyətin bütün qollarında islahat, yenilənmə aparılacaq. Seçkilərin 1 il tez keçiriləcəyi ilə bağlı proqnozların əsasında bir neçə mülahizə dayanır.

Onlardan biri budur ki, 2025-ci ildə prezident seçkisinin vaxtıdır. İki seçkini eyni ildə, eyni vaxtda keçirmək məqsədəuyğun deyil. Türkiyədə bu il parlament və prezident seçkiləri eyni tarixdə oldu, uğurla da yekunlaşdı. Dövlətin iradəsi olduqdan sonra bunu reallaşdırmaq mümkündür.

Seçkilərin 1 il qabağa çəkilməsini şərtləndirən əsas səbəb bu ola bilər ki, dövlət yeni dönəmə adekvat parlament formalaşdırmaq istəsin. Deputat korpusunun əsaslı şəkildə yenilənməsi lazımdır. Dövlətin strateji, milli maraqlarına sadiq insanların, eləcə də cəmiyyət tərəfindən “qırmızı kart” almayan şəxslərin millət vəkili mandatını daşımalarına indi daha çox ehtiyac var. Yəqin bu dəfə zədəli reputasiyalı şəxslərin prosesdən kənarda saxlanılacağına şahidlik edə biləcəyik. Tendensiya belədir ki, “yanmamış kadrlar”dan qurtulmağa çalışılır. Dövlət kimlərinsə yükünü çəkməkdənsə, bu ağır yükün altına çiyin verən yeni kadr korpusu formalaşdırmaq istəyir. Bu həm də sosial sifarişdir.

Burada bir haşiyə açaq:

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Orucun “İlham Əliyevin 4-cü Respublikası: döyüş meydanlarında yazılan Yeni Zəfər Konstitusiyası” məqaləsində bu islahatların detalları boy verir. Zahid Oruc mötəbər məlumatlara çıxış olan nüfuzlu dövlət adamıdır. Onun sözügedən yazısı əslində haqqında danışdığımız islahat paketinin müəyyən mənada prezentasiyasıdır. Z.Orucun yazısından görmək olur ki, əslində planlaşdırılan dəyişikliklər və islahatlar daha qlobaldır.

Zahid Oruc

Hörmətli Zahid bəyin “Dördüncü respublika” ideyası boşuna gündəmə gətirilməyib. Bu ideyaya ən davakar, ən cığal və ən xaotik reaksiyanı kim verdi? Bizə görə bitmiş, amma hələ də müəyyən qədər yaşadığını hiss etdirən, yaşadıqca da işıqlı planlara, vacib islahatlara mane olmağa çalışan bəlli klanın nümayəndəsi. Gördünüzmü, Milli Məclisdə necə təlaşla çıxış etdi? O, tək deyil. O, təmsilçidir… Dövlətin mənafeyi, Prezidentin iradəsi belə ərköyün mövqeləri əzib keçmək qüdrətindədir.

Məhkəmə sistemində də ciddi reformaların olacağı qaçılmazdır. İnam Kərimovun Ali Məhkəməyə sədr seçilməsində əsas məqsədin və hədəfin bu olduğunu görməmək mümkün deyil. İ.Kərimov Prezident İlham Əliyevin ilk islahat proqramında yer alan gənc kadrlardan olub. İndiyə kimi iki sistemdə özünü doğruldub.

Birincisi, o, ASAN Xidmətdə sınaqdan keçib. Xidmətin ilk rəhbəri kimi sistemin birinci gündən uğur qazanmasında rolu ciddi dəyərləndirilir.

İnam Kərimov

İkincisi, onun kənd təsərrüfatı naziri təyin edilməsi də uğurlu kadr islahatı kimi yaddaşlardan silinməyib. Ölkənin ən çox korrupsiyalaşmış nazirliklərindən biri kimi ad çıxarmış KTN İ.Kərimovun bu struktura rəhbər təyinatından sonra xeyli dəyişdi. Korrupsiya sistemi sökülərək yeni metod, yanaşma tətbiq edildi. Bu islahatlar torpağa və onu əkib-becərən fermerlərə nəfəs almaq imkanları yaratdı.

Prezident İlham Əliyev icra strukturunda vaxtaşırı islahatlara gedir. Əsası 2018-ci ilin aprelindən qoyulan proses 5 ildən çoxdur davam edir. Böyük ehtimalla gələn ildən, hətta ola bilsin, bu ilin sonlarından növbəti islahat dalğasına start verilsin. İcra hakimiyyəti strukturunda bizi sürpriz dəyişikliklərin gözlədiyini indidən söyləyə bilərik.

Müharibə bitib, quruculuq mərhələsi başlayıb. Təkcə Qarabağda kənd və şəhərlər yenidən qurulmur, həm də düşüncələr, dünyaya baxış yenilənir. Azərbaycanla paralel Cənubi Qafqaz dəyişir. İlham Əliyev öz ölkəsi ilə birlikdə regionu da “update” edir. Hakim komanda bu dəyişikliyə tam adekvat olmalıdır. “Vətəndaş dövləti” modeli ilə yeni idarəçilik mərhələsinə keçiddə prosesi axsadan istənilən məmur kənarda saxlanılacaq, köhnədən qalan mexanizmlər sökülüb atılacaq.

Dövlət eyforiya, populizmlə idarə oluna bilməz. Xalq indi daha yaxşı yaşamağı haqq edir. Qalib ölkənin vətəndaşlarının tələbi, standartı yüksək olur. Onun bu tələbkarlığı və qalib duruşu üçün dövlət indidən tədbirlər görür. Qələbənin baş memarını – xalqı xəyal qırıqlığına uğratmaq olmaz. İncitmək heç olmaz.

Prezident İlham Əliyev bu düsturu vaxtaşırı dilə gətirir: “Dünənki xidmətlərinə görə sağ ol, bu günə görə cavab ver”. İlham Əliyevin idarəçilik metodunda hansısa məmura güzəşt yoxdur. İndən sonra bunu heç kim gözləməsin, tələb daha da artacaq. Dəmir yumruq yerindədir! O yumruq işğalçıları Vətən torpağından iti qovan kimi qovdu. Daxili siyasətdə də xalqı incidən, dövlətin işini axsadan məmurlar başlarının üstündə o yumruğu hər an görəcəklər. “Ya normal işləyəcəksiniz, ya dəf olub gedəcəksiniz!” Qurtardı getdi! İkinci yol var, o da qanun sərt üzü – həbsxana, təcrid.

Şərti olaraq “dördüncü hakimiyyət” kimi dəyərləndirilən medianın da bu islahatlar fonunda yenilənəcəyi qaçılmazdır. Media həm daxili ictimai rəyin yaranmasında, dövlətin siyasətinin ictimaiyyətə çatdırılmasında rol oynayır, həm də bütövlükdə ölkənin informasiya sərhədlərinin qorunmasında vacib rola malikdir.

Beləliklə, yeni mərhələnin ilk dövrünü yaşayırıq. Sevindiricidir ki, görəcəklərimiz müsbət kateqoriyada olacaq. Azərbaycan regional və qlobal platformalarda da yeni yanaşmalara, trendlərə müəlliflik edir.

Yeni konfiqurasiya var, nəhəng planlar cızılıb. O konfiqurasiyada, o qlobal planların icrasında Azərbaycan mərkəzi roldadır. Bunu 3 il öncədən yazmışıq. Çox şükür, ölkəmizlə bağlı yazdığımız bütün pozitiv proqnozlar artıqlaması ilə gerçək olur. Bizə də gerçəkçi olmaq düşür.

Azər Ayxan
Globalinfo.az



Xəbəri paylaş

11 408 dəfə oxunub.

Digər xəbərlər