Saytımızı qiymətləndirin


 
 

Tağıyev qəsəbəsindən Rusiyayadək... - 129 kilometrlik ödənişli yoldan REPORTAJ
Tarix: 23-10-2023 | Saat: 12:40
Bölmə:Karusel / Manşet / İqtisadiyyat / İnfrastruktur | çapa göndər

Tağıyev qəsəbəsindən Rusiyayadək... - 129 kilometrlik ödənişli yoldan REPORTAJ

 

Oktyabrın 20-də Prezident İlham Əliyev Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.

 

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun təməli 2017-ci ilin dekabrında məhz Prezident İlham Əliyev tərəfindən qoyulub.

 

Modern.az-ın əməkdaşı Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda olub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a açıqlamasında bildirib ki, Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.

 

O vurğulayıb ki, yolda 4 hərəkət zolağı var və bu yolun 129 kilometrlik hissəsinin ödənişli olması nəzərdə tutulub.

 

"Ödəniş tarifləri yeni müəyyənləşdiyi üçün hazırda həmin tariflərin sistemə inteqrasiyası həyata keçirilir. Proqram təminatı tam yekunlaşdıqdan sonra test ediləcək. Ondan sonra isə yol istifadəyə veriləcək.

 

Sürücülər ödəniş məntəqəsinə yaxınlaşaraq xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə ödəniş edə biləcəklər. Həmin kartları ödəniş məntəqələrinin giriş-çıxış hissələrindən, yaxın gələcəkdə isə şəhər və rayonlarımızın müxtəlif nöqtələrində satış məntəqələrindən əldə etmək mümkün olacaq. Yolda iki cür hərəkət zolağı var. Bunlardan biri sürətli, digəri isə adi keçiddir. Yəni sürücü adi zolaqda ödəniş məntəqəsinə yaxınlaşaraq kart əldə edə bilər.

 

Kartlara balans yüklənir və onun qət etdiyi məsafəyə uyğun gedişhaqqı çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş və balans yüklənmiş kartlar avtomobilin ön şüşəsinə yapışdırılır. Artıq o, məntəqəyə yaxınlaşdıqda, buradakı xüsusi keçidlərdə sistem onu tanıyır və heç bir maneə olmadan sürücü eyni sürətlə yoluna davam edə bilir”.

 

A.Nəcəfli yeni yolun tıxacın aradan qaldırılmasında müsbət rol oynacağını deyib:

 

"Mövcud yoldan istifadə edən sürücülər ödənişli yoldan istifadə edəcək. Beləliklə də mövcud yolda nəqliyyat paylanacaq. Bu yol Şimal-Cənub dəhlizinin tərkibi hissəsi olduğuna görə, daxil olan tranzit yüklərlə yanaşı daxili sərnişin və yükdaşımada da bu yoldan istifadə edilməsi müvafiq sahələri inkişaf etdirilməsi, o cümlədən turizmin inkişafına təsir göstərmiş olacaq. Bu, həm də əlavə iş yerlərinin açılması deməkdir”.

 

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə aşağıdakı kimi olacaq:


- minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib;

- kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək;

- avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib;

- qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).



Xəbəri paylaş

1459 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 13:23Sabahın havası