Saytımızı qiymətləndirin


 
 

İlahi Ədalətin Zəfər təntənəsi
Tarix: 25-09-2023 | Saat: 09:26
Bölmə:Karusel / Yazar | çapa göndər

Bir xalq mahnısı var. İrəvanda xal qalmadı. Orda belə bir cümlə var. "De görüm nə xaldı qoşa düzdürmüsən?!" Hər dəfə bu mahnını eşidəndə gözümün önündən anadan olduğum Naxçıvan və Qarabağ canlanır.

Tanrı dünyanı yaradanda yer üzərində iki cənnəti qoşa yaradıb: Nəqşi-Cahan - dünyanın naxışı və Qarabağ - səfalı bağ....
Dünyanın başqa heç bir bölgəsində qoşa cənnət torpaqlarına rast gəlməzsən. Çünki bu gözəllik yalnız Azərbaycana məxsusdur. Böyük bir tarixə malik və əvəzolunmaz bir xalqı olan Azərbaycanın keçmişinə baxanda qəhrəmanlıqla dolu əzəmətli bir yol görünür. Bu yol İlahi Ədalətin qüdrətindən yaranmış qalibiyyət yoludur.
Naxçıvanda anadan olmuşam, özümü dərk edəndən ailəmizdə, məktəbdə Qarabağ adının tez tez çəkilməsinin şahidi olurdum. Biz naxçıvanlıların Qarabağla nəinki bir coğrafi bağlığı var, bizi qohumluq genləri də birləşdirir. Bu torpaq və qan bağlığı ilk hərfləri yazandan müəllimə Anamın, ilk sinif rəhbərim Mehparə Babayevanın Azərbaycan, Naxçıvan və Qarabağ sözlərini bir yazmağı öyrətməsinin əsl səbəbi bəlkə də bu olub.
Zaman keçirdi, düşmənin Naxçıvan və Qarabağa olan hücumları artdıqca Anam, müəlliməm mənə Savaş, Qisas, Qələbə, Qazi, Qəhrəman sözlərini də yaddaşıma həkk etdirirdilət. Böyüdüm, amma bu acı reallıq ilə üzləşməyimə səbəb oldu: Qarabağ işğal altına, Naxçıvan blokadaya düşdü. Bir dərdi iki qardaş çəkirdi. Birimiz blokadadan digər əsir alınan qardaşa baxmaq məcburiyyətində qaldıq...
Hər dəfə Naxçıvandan Bakıya gələndə Cənubi Azərbaycandan həsrətlə baxdığım Qarabağa "biz mütləq səni azad edəcəyik" deyirdim, İlahi Ədalətin bərpa olunmasını gözləyirdim. Bunu bütün Azərbaycan gözləyirdi. Mən gözləyirdim.
İllər keçirdi və Qarabağın düşməndən azad edilməsi gününə - Zəfər gününə daha yaxınlaşırdıq. Cocuq Mərcanlı, Aprel döyüşləri, Tovuz hadisələri bizi addım-addım Qarabağa daha yaxın edirdi. Nəhayət 2020-ci ilin sentyabrı. Böyük yolun başlanğıcı olan Zəfər müharibəsi başlandı. Müharibəyə hazırlıq dövründə və döyüşlərin başlandığı gündən bir komanda yaratdıq. Arxa cəbhədə olsaq da, hər zaman döyüşə hazır olan bu komanda savaşın ən kəskin getdiyi yerlərə dəstəyini əsirgəmədi. Qorxmurduq. Əsgərimizin, torpağını işğaldan azad edən Ordumuzun ardınca gedirdik. Təhlükələr də yaşayırdıq. Lakin bu təhlükə ordumuzun bizə verdiyi Güvən sayəsində yox olurdu. Rastlaşdığımız hər bir əsgərin, zabitin arzusunu dərhal yerinə yetirdikcə özümüzü bu savaşın bir parçası hesab edirdik. Nəhayət o gün gəldi. Şuşa azad edildi və Zəfər günü elan olundu. Bu kiçik qorxmaz komanda ilə davam deyib "Vətən Bağı"nın yaratdıq, işlərimizi dayandırmadıq. Tərtər şəhərində "Vətən Bağı" Şəhidlər Parkını təməlini qoymağı bacardıq. Bəli, ona görə Tərtəri seçdik ki, tək ikinci Qarabağ Savaşında sinəsinə 17 minədək mərmi sancılmışdı...
Artıq davamı gəlir... Biz inanırdıq ki, davam olacaq. Çünki bizi gözləyən üç böyük xəbərə doğru gedirdik: Zəngəzur dəhlizinin açılması, Xocalı və Xankəndinin azad edilməsi. Çünki İlahi Ədalətin tam bərpasına inanırdıq. Mən anadan olduğum Naxçıvana ordumuzun azad etdiyi Qarabağdan getmək arzusunun reallaşacağına inanırdım. Niyə inanırdım? Mən 30 il əvvəl ailəmizin yaşadığı faciənin ilahi təntənəsini yaşayan adamam. Artıq Zəngəzur dəhlizi reallıq, Xocalı və Xankəndinin azad edilməsi isə həqiqət idi. Bu dəfə də inanıram, o ilahi gücü, bu inamı bizə Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan ordusu verib .
İlahi Ədalət 30 ildən sonra bərpa edildi. Naxçıvan və Qarabağın bu gün əlləri bir-bir ilə bağlandı. Qardaşın qardaşa əli çatır daha. Digər qardaşımız İrəvana isə əlimizin çatmasına az qalıb.
Biz qalib xalqıq. Çünki Tanrı bizim həqiqətlərin yanındadır. İlahi Ədalətin diqqəti bizim üzərimizdədir. Qisas daha qiyamətə qalmadı. Biz Böyük Azərbaycanın övladlarıyıq.

Emin TARVERDİYEV

 

 



Xəbəri paylaş

1597 dəfə oxunub.

Digər xəbərlər