Saytımızı qiymətləndirin


 
 

Opera və Balet Teatrının inşasının maraqlı tarixçəsi -Tağıyev mərcdə necə uduzur?
Tarix: 28-12-2017 | Saat: 08:54
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

1910-cu ildə Bakıya məşhur bir müğənni qadın gəlir, səsinin ahəngi, özünün gözəlliyi, qəşəngliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir, başlarını gicəllədir. Milyonçu Mailov qardaşlarından böyüyü bu xanıma bərk vurulur. Ona brilyant üzüklər, sırğalar, zərli-zibalı parçalar, libaslar, boyunbağılar, bilərziklər, qolbaqlar bağışlayır. Mailov qardaşları balıq-kürü taciri idilər.

 

Professor S. M. Apresov deyirdi ki, müğənni xanıma vurulan Mailov yekəpər, cüssəli bir kişi idi. Müğənni xanım gah o vaxtkı Birja küçəsində, gah da ağac və taxtadan tikilmiş “Sirk” binasında, gah da “Qış” klubunda konsert verirdi. Qastrol başa çatanda xanımın şərəfinə “Kazino”da təntənəli vida ziyafəti düzəldilir. 

"Qarabaginfo" "Modern.az"a istinadən xəbər verir ki, ən qədim teatr binalarımızdan olan Opera və Balet Teatrının inşa tarixi o zaman qoyulur. Manaf Süleymanov öz araşdırmalarında həmin kazinodakı gecəni bu cür təsvir edir:

“Kazinoda söhbət zamanı xanımdan soruşurlar ki, “bizim şəhərə bir də nə vaxt gələcəksiniz?”. Xanım başını bulayıb cavab verir ki, “yəqin ki, heç haçan. Çünki mən sirk və kazino salonlarında oxumağa adət etməmişəm. Sizin bu gözəl, zəngin Bakıda, səxavətli cəngavərlər yaşayan dövlətli şəhərdə münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin”.

 

 

Mailov xəbər alır: - Xanım, indi hara gedirsiz, nə qədər müddətə?

 

Müğənni xanım Yaponiyaya qastrola getdiyini və bir ildən sonra qayıdacağını bildirir. Mailov deyir ki, bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır olacaq və onu siz açacaqsınız. Razılaşırlar”.

 

Daha sonra isə işə Hacı Zeynalabdin Tağıyev qoşulur. Həmin əhvalatı eşidən Hacı  Mailova rast gələndə, söhbət əsnasında teatr binasının tikilməsini xəbər alır. Mailov cavab verir ki, memar Bayev Tiflisdəki opera teatrının çertyojları ilə tanış olub qayıdıb, indi gecə-gündüz bizim layihə üzərində işləyir. Hacı Zeynalabdin deyir ki, ağlım kəsmir, o boyda binanı bir ilə tikib başa çatdırmaq olsun! Mən özüm bənna, sonra da podratçı olmuşam, çox da ev tikmişəm. Hər şeyi bilirəm. Çətin işdi. Mailov gülümsəyib deyir: “Hacı, gəl mərcləşək. Əgər bina bir ilə hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən. Yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə”. Razılaşırlar.

 

 

Mərcdə kimin udduğunu isə gəlin həmin mənbədən öyrənək:

“Mailov binanı bir il əvəzinə səkkiz aya tamamlatdırır. Səs bayıra yayılmasın, içəridə qalsın deyə tavana başdan-başa ikiqat qalın məxmər, onun üstündən də keçə döşəyiblər... Mailov xanıma teleqram vurur; o da Bakıya gəlir və operanın açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi və teatr ustaları açılışda iştirak edirlər. Xanəndə xanım ariyanı qurtaranda başına pul yağır. Səhnə başdan-başa gül-çiçək içində idi. Mailov xanıma çiçəklər və güllər şəklində pullardan - beş yüz manatlıq, yüz manatlıq, əlli manatlıq və iyirmi beş manatlıqdan düzəldilmiş böyük bir çələng göndərir. Bu barədə şəhərdə uzun-uzadı söhbət gedir”.

 



Xəbəri paylaş

633 dəfə oxunub.

Digər xəbərlər