Saytımızı qiymətləndirin


 
 

Bu “seçki oyunu” sonuncu olacaq! - Parlamentarlardan separatçılara REAKSİYA
Tarix: 09-09-2023 | Saat: 15:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu “seçki oyunu” sonuncu olacaq! - Parlamentarlardan separatçılara REAKSİYA

Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları bu gün Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər. “Növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı seçilib. 
 

Azərbaycan Xankəndidəki qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətlə bağlı bundan sonra nə edəcək?
 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Qarabağın dağlıq hissəsindəki “seçki” separatçıların özünü aldatmasından başqa bir şey deyil:
 

“Bütün dünya, o cümlədən Ermənistan Nikol Paşinyanın şəxsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O cümlədən Qarabağ da Azərbaycanın ərazisi kimi tanınır. Belə olan halda Azərbaycan ərazisində onun qanunlarından kənar hər hansı icmanın, toplumun fəaliyyəti qadağandır və qanunla cəzalanırılır. 30 il boyunca Qarabağ  işğal altında olanda oradakı separatçı ermənilər müxtəlif “seçki” oyunları aparıblar. Gah “prezident”, gah “parlament” seçiblər. Bunların nəticəsini də heç kəs tanımayıb. Bu gün keçirilən qondarça "seçkilər" hesab edirəm ki, onların sonuncu oyunudur. Artıq Azərbaycan dövləti lazımi bəyanatını verib, tədbirlərini də görəcək, eləcə də dünyada heç kəs bu “seçki”ni tanımayacaq. Bu, sadəcə tamaşa və oyundur. Özünü aldatmaqdan başqa bir şey deyil. Yaxşı olardı ki,  ağıllarını başlarına toplayaraq, Azərbaycanın vətəndaşlığını qəbul edib, onun qanunlarına uyğun rahat yaşasınlar. Qısa müddətdən sonra onsuz da bu baş verəcək, belə oyunlara ehtiyac yoxdur”.

Musa Quliyev vurğulayıb ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan qovmaq lazımdır:

“Hesab edirəm ki, atacağımız ən ciddi addım üçtərəfli bəyanatda əksini tapan qeyri-qanuni erməni silahlı birləşmələrinin oradan çıxarılmasını təmin etməkdir. Bu, Rusiya sülhməramlılarının öhdəliyidir. Onlar bunu niyə yerinə yetirmirlər? Bunu Rusiyadan soruşmalıyıq. Onlar bunu etmirlərsə, biz öz ordumuzun, polisimizin köməyi ilə bu işi həyata keçirə bilərik. Yəqin ki, qısa zamanda bu iş həyata keçəcək. Oradakı “seçki”nin heç bir hüquqi, siyasi əhəmiyyəti onsuz da  yoxdur”.
 

Milli Məclisin digər deputatı Arzu Nağıyev vurğulayıb ki, beynəlxalq təşkilatlar Qarabağda baş verən “seçki” oyununa mütləq reaaksiya göstərməlidir:
 

“Bu “seçki” bütün qanunlara zidd idi. Digər müdaxiləyə onların ixtiyarı belə yoxdur. Təbii ki, bu "seçkilər" qeyri-legitimdir və separatizmin başqa bir təzahürüdür. Danışıqların getməsinə baxmayaraq, müxtəlif dövlətlər siyasi şou yaradaraq, Qarabağdakı ermənilərin blokadaya alındığını, “humanitar böhran”a məruz qoyulduğunu deyirlər. Məlumdur ki, bunların heç bir əsası yoxdur. BMT TŞ-nin toplantısında Azərbaycanın haqlı olduğu bir daha  sübut olundu. Buna baxmayaraq, Ermənistanda olan keçmiş səhra komandirləri və onların havadarlarının təkidi ilə belə hallar yaşanır.  Onların öz daxilində də problemlər var. Qondarma "parlamentdə" Şahramanyanı dəstəkləyən özlərinin yaratdığı “partiyalar” var. Keçmiş “müdafiə naziri” olmuş Samvel  Babayan bütün sakinləri mitinqə çağırmaqla sübut edir ki, bunların arasında ciddi qarşıdurma var.  Bu ciddi qarşıdurmanın qarşısını almaq üçün separatçı rejimin “təhlükəsizlik xidməti” məhz həbslərin olacağı fikirlərini səsləndirir. Təbii ki, heç bir ölkə, heç bir qurum “Artsax” adında dövlət tanımır”.

Deputat söyləyib ki, Azərbaycan separatizm əleyhinə addım atacaq və bu addımlar beynəlxalq hüquq və normalara uyğun olacaq:
 

“ Azərbaycan daim öz sözünü deyib. Xankəndidə keçirilən “seçkiləri” heç bir dövlət ciddi qəbul etmir və etməyəcək. Azərbaycan öz sözünü deyəcək. Bu, sülhə mane olan ən böyük amillərdən biridir. Kimin "seçilməyindən" asılı olmayaraq, "seçkinin" özü legitim deyil. Heç bir siyasi çərçivəyə sığmır. Beynəlxalq təşkilatlar bunu yaxşı başa düşür. Gələcəkdə Azərbyacanın separatizmin qarşısını almaq üçün atacağı hər bir addım beynəlxalq norma və qanunlara uyğun olacaq”.



Xəbəri paylaş

1164 dəfə oxunub.

Digər xəbərlər