Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səfirliklərimiz üçün çətin sınağa çevrildi. Rus əsgərinin ayağı Ukrayna torpağına dəyər-dəyməz Moskva doğumlu Kiyevdəki səfirimiz oradan qaçdı. Yarım milyon vətəndaşımızı Ukraynada taleyin ümidinə buraxıb aradan çıxan Elmira Axundovanın səsi bir neçə gün sonra Bakıdakı lüks mənzilindən gəldi. Gah xəstəliyini qabartdı, gah da qadınlığını önə çəkib fərariliyinə haqq qazandırmağa çalışdı. O gündən sosial şəbəkələrdə adı önünə “fərari səfir” epiteti əlavə olundu.
Diplomatiyadan bixəbərliyini gizlətməyən Elmira Axundovanın oğlu birbaşa Türkiyənin Maldiv adaları hesab olunan Suluadaya yollanıb. Onu istirahətə yola salan anasını Həbib Axundov çox da intizarda qoymayıb. Suluadadakı lüks istirahətini əks etdirən fotolarını sosial şəbəkə üzərindən paylaşıb, sanki Ukraynadan qaçqın düşən soydaşlarımıza gözdağı verir. Həbib Axundovun yaxta sevgisi də profilindəki fotolardan boylanır.
Onun bu bahalı hobbisi model Günel Mirzəyevanın həyatı bahasına başa gəlməsi də yaddaşlardan silinməyib. 2017-ci il iyunun 24-də Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizə aparmışdı və dənizin ortasında sulara qərq olmuşdu. Dalğıclar modelin meyitini aşkarlamaq üçün 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar...
Musavat.com