Saytımızı qiymətləndirin


 
 

“Bir şəklin tarixçəsi”: 50 il əvvəl kosmonavtlar Bakıya niyə gəlmişdi...
Tarix: 16-08-2023 | Saat: 17:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bir şəklin tarixçəsi”: 50 il əvvəl kosmonavtlar Bakıya niyə gəlmişdi...

Bu ilin oktyabr ayının 2–6-da Bakı şəhəri 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Mötəbər tədbirdə 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq.

 

Konqresə NASA, CNES (Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi), “Airbus”, “Boeing”, JAXA (Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi), TUA və bir çox aparıcı qurumların və şirkətlərin nümayəndələri dəvət olunub.

 

Qeyd edək ki, 1950-ci ildən təşkil edilən Beynəlxalq Astronavtika Konqresi Bakıda ilk dəfə keçirilmir. 1973-cü ildə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə də Bakı Konqresə ev sahibliyi edib.

 

Fotoda: 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin elanı

 

Qarabaqinfo.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi foto 1973-cü ildə keçirilən məhz həmin tədbirə aiddir.

 

“Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqresdə elm adamları, siyasətçilər, kosmonavtlar və astronavtlar iştirak edib. SSRİ Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik V.Kotelnikov həmin vaxt Heydər Əliyevə ünvanladığı məktubda qeyd edib ki, Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası, sovet alimləri və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 24-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş geniş süjetli sənədli film – “Kosmonavtlar Bakıda” filmi çəkilib.

 

Fotoda Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin ətrafında duran şəxslər dövrün tanınmış Sovet kosmonavtları Vladimir Şatalov, Vitali Sevastyanov, Georgi Bereqovoy və məşhur amerikalı astronavt Tomas Stafforddur. 

 

Şatalov “Soyuz” proqramının üç kosmik missiyasını yerinə yetirib və 1987-1991-ci illərdə Yuri Qaqarin adına Kosmonavt Hazırlıq Mərkəzinə rəhbərlik edib. Həmin mərkəzə ondan əvvəl sədrlik edən Bereqovoy isə kosmosa uçan ən gənc insanlardan biri olub. Sevastyanov isə “Soyuz 9” və “Soyuz 18” missiyalarında kosmosa uçub.

 

Hazırda 93 yaşında olan Tomas Stafford 1965-ci il dekabrın 15–16-da "Cemini-6" kosmik gəmisinin 2-ci pilotu kimi kosmosa uçub (U. Şirra ilə birlikdə), 25 saat 51 dəqiqə ərzində Yer ətrafında 17 dövr edib. 1966-cı ilin iyulun 3–6-da isə "Cemini-9" kosmik gəmisinin komandiri kimi kosmosa uçub (Y. Sernanla birlikdə), 72 saat 21 dəqiqə ərzində Yer ətrafında 45 dövrə vurub (1.8 milyon kilometrdən çox). 

 

Bakıda bu il keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində də bu cür mötəbər qonaqların iştirak etməsi gözlənilir…



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər