Saytımızı qiymətləndirin


 
 

Kitab satışları niyə azalır - Oxuyanlar azdır, yoxsa...
Tarix: 16-08-2023 | Saat: 14:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Kitab satışları niyə azalır - Oxuyanlar azdır, yoxsa...

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda kitab üzrə pərakəndə ticarətin dövriyyəsi azalıb. Belə ki, kitab üzrə pərakəndə ticarətin dövriyyəsi 2018-ci ildə 34,7 milyon AZN, 2020-ci ildə 19,7 milyon, 2022-ci ildə 16,4 milyona bərabər olub.

 

Ekspertlər deyir ki, kitab satışları müxtəlif səbəblərə görə azalır. Bu səbəblərə kitab qiymətlərinin artması, kitaba oxucu marağının azalması və xarici ölkələrdən, xüsusilə Türkiyədən kitab gətirilməsinin artması daxil ola bilər.

 

Bəs həqiqətən kitab satışlarının azalmasının səbəbi nədir?

 

Yazar-naşir Rasim Qaraca məsələ ilə bağlı Qarabaqinfo.az-a açıqlamasında kitab satışının azalmasının səbəblərindən biri kimi onların maya dəyərinin yüksək olmasını göstərib.

 

“Ümumən yay aylarında kitabların satışında azalma olur. Ancaq 10-15 il bundan əvvəlki ilə müqayisədə kitaba marağın artdığını söyləyə bilərəm. Hazırda kitab bazarında Azərbaycan, türk və rus dillərində satılan kitabların nisbəti təxminən bərabər səviyyədədir. Lakin bu tendensiya türk dilində olan kitabların xeyrinə sürətlə dəyişməkdədir. Azərbaycan naşirləri rəqabətə davamlı deyil, həm kitabların maya dəyəri baxımından, həm kəmiyyət və məzmun baxımından biz rusiyalı və türkiyəli həmkarlarımızla ayaqlaşa bilmirik.

 

Zahiri göstəricilərə baxsaq, hər şey həqiqətən də inkişafdan xəbər verir: nəşriyyatlar fəaliyyət göstərir, bazara yeni adlar çıxır, yeni kitab dükanları, şəbəkələri yaranır, onlarla mətbəədə çap maşınları gecə-gündüz dayanmadan işləyib yeni-yeni kitablar basır. Bütün bunlar kitab bazarında artmaqda olan bir tempin olduğu təəssüratı yaradır. Digər tərəfdən, tirajların get-gedə azalması, təqribən 5 illik məsafələrlə 500-dən 300-ə, sonra 300-dən 100-ə və daha aşağılara düşməsi paralel olaraq neqativ bir tendensiyanın varlığından xəbər verir. Kitab dövriyyəsi yalnız Bakı şəhərindədir, rayonlar, rayon mərkəzləri bu dövriyyədən demək olar ki, kənardadır. Ölkədə kağız istehsal olunmur, xaricdən gətirilir, kitabın maya dəyəri yüksəkdir. Ümumi olaraq oxucunun alıcılıq qabiliyyətinin üstündədir, kitab satışı aktivliyini daha çox endirim kampaniyalarında görmək olur”, - Rasim Qaraca bildirib.

 

Naşir əlavə edib ki, artıq insanlar kağız kitablara üstünlük vermirlər, bu da ənənəvi kitab satışına təsir göstərən amillərdəndir.

 

“Kitab sənayesinə ümumi dövlət nəzarətini Mədəniyyət Nazirliyi həyata keçirir. Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi bilavasitə dövlətin kitab siyasətini Azərbaycan Respublikasının “Nəşriyyat işi haqqında” qanunu əsasında tənzimləyən orqandır.  Eyni zamanda rəhbər qanunvericilik sənədlərindən biri də “Kitabxana işi haqqında” qanundur. Dövlət büdcəsindən ayrılan vəsait əsasında bu qanunların tələbləri həyata keçirilir. Göründüyü kimi həm qanunlar var, həm də büdcə vəsaiti – dolayısıyla, kitab sənayesi dövlətin nəzarətindən kənarda deyil. Maraqlıdır ki, “Nəşriyyat işi haqqında” qanunda “nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi” nəzərdə tutulub. Eyni zamanda kitab sektorunun inkişafı naminə xarici donorların cəlb edilməsi halları da yox deyildir. 

 

Ümumiyyətlə, ölkədə kitabın durumu mənə görə xaotikdir, inkişaf varsa da, biz buna sistemli inkişaf deyə bilmərik. Problemi sistemli şəkildə görməkdən ötrü kitab məsələsini dörd istiqamətdə nəzərdən keçirmək lazımdır: yazıçı, naşir, kitab satışı, oxucu.

 

Bütün bunlarla yanaşı, dünyada gedən proseslər artıq kağız kitablar erasının sona çatmaqda olduğundan xəbər verir. "Amazon" onlayn alış-veriş şəbəkəsindən alınan kitabların 30%-i bu gün artıq elektron kitablardır. Yeni dövrdə kitab sənayesi artıq yeni şərtlərə görə nizamlanmalıdır. Bizim dövlətin mədəni siyasəti son dərəcə konservativdir. Dövlət oyunçu olaraq kitab sənayesində demək olar ki, iştirak etmir, hər şey bazar iqtisadiyyatının ixtiyarına buraxılmış təsəvvürü yaradır. Azərbaycan kimi kiçik ölkədə kitab məsələsini bazar iqtisadiyyatının ixtiyarına buraxmaq isə kütləvi savadsızlığa meydan açmaq deməkdir. Necə ki, artıq savadsız insanların sayı nisbəti yüksələn xətlə inkişaf edir, əgər buna inkişaf demək olarsa..", - Rasim Qaraca bildirib.

 

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu isə deyir ki, ötən illərlə müqayisədə kitab alanların sayında artım müşhidə edib.

 

“10 il əvvəl bu qədər kitab dükanları və nəşriyyatlar yox idi. Son illər ölkəyə  ingilis dilində, türk dilində gələn  kitabların sayı daha da çoxalıb. Necə kitab satışı azala bilər? Əksinə, Azərbaycan dilində kitablar daha çox alınır. Əgər bizim 5-10 il əvvəl satışda 200-300 Azərbaycan dilində kitabımız var idisə, bu gün təkcə bizim, yəni bir nəşriyyatın neçə-neçə kitab var. Söhbət 2000 addan gedir, tirajdan yox. Azərbaycan dilində kitablar çoxdu və oxuyanların sayı durmadan çoxalır. Tədricən Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi kitablar almağa başlayıb kitabxanlara.

 

Azərbaycan dilində oxu ümumiyyətlə stimullaşdırılmalıdır. Oxumaq istəyən üçün kitab mütləq olmalıdır. Hər yerdə, xüsusilə regionlarda Azərbaycan dilində kitab olmalı, kitab mağazaları açılmalıdır. Kitabxanalar işlək vəziyyətə gətirilməlidir. Bu işdə dövlətlə yanaşı, sahibkarları da işə qoşmaq lazımdır. Kitabxana yalnız kitabla təmin etməməli, ümumi regionun mədəni mühitini formalaşdırmalıdır. Yəni həm müzakirə salonları olsun, həm də kitab klubları olsun”, - o vurğulayıb.

 



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər