Tarix: 12-07-2023 | Saat: 14:33
Bölmə:Karusel | çapa göndər
Prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə Gədəbəy rayonunda baş vermiş son hadisələrlə bağlı önəmli fikirlər səsləndirib. Söyüdlü olayına obyektiv qiymət verən dövlət başçısı sakinlərin etirazına haqq qazandırıb.
Prezidentin çıxışından sitat: "Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir".
Ölkə lideri dövlət qurumlarına hadisənin gerçək səbəbinin ictimaiyyətə çatdırılması üçün bir həftə vaxt verib.
Prezidentin müşavirədəki çıxşı və Söyüdlüdəki son durum barədə Modern.az-a danışan Gədəbəyin deputatı Sevinc Hüseynova bir çox məqamlara aydınlıq gətirib.
O bildirib ki, Söyüdlü kəndində insanları narazı salan hadisə ilə bağlı müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönəldilmişdi.
"Prezident İlham Əliyev dünən çıxışında çox mühüm məqamlara toxundu. Dövlət başçısı vətəndaşlarımızın sağlamlığının qorunmasınıın əhəmiyyətli olduğunu diqqətə çatdırdı, eyni zamanda ekologiyaya zərər vurulmaması barədə aidiyyəti qurumlara tapşırıqlar verdi".
Deputat Söyüdlüdə baş verən hadisələrdən bir neçə gün öncə kənd sakinləri ilə görüşdüyünü vurğulayıb.
S.Hüseynovanın sözlərinə görə, sakinlər aksiyadan bir neçə gün əvvəl ikinci süni gölün yaradılması ilə bağlı şikayətlərini ona çatdırıblar:
"Söyüdlü yatağı ilə bağlı sakinlərin mənə müraciətləri olmuşdu. Biz də həmin müraciəti aidiyyəti qurumlara yönəltmişdik. Sakinlər aksiyadan 2-3 gün öncə bizə müraciət etmişdilər. Mən Söyüdlü yatağındakı vəziyyət və sakinlərin narazılığı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdim”.
Gədəbəyin deputatı hesab edir ki, Söyüdlüdə xoşagəlməz olayların yaşanmasında maraqlı qüvvələr olub:
“Bəzi qüvvələr vətəndaşlarımızın ətraf mühitlə bağlı həssaslığından istifadə edərək, təxribat törətməyə cəhd edib. Eyni zamanda bu hadisələr bir daha göstərdi ki, Azərbaycan vətəndaşı ekoloji problemlərə çox həssas yanaşır. Təbii ki, bütün bunlar ölkəmizdə aparılan siyasətin nəticəsidir. Azərbaycan enerji sahəsində "Yaşıl enerji"yə çox böyük üstünlük verir".
S.Hüseynova yaxın günlərdə Söyüdlü sakinləri ilə görüşmədiyini diqqətə çatdırıb:
"Yaxın zamanda Söyüdlü sakinləri ilə görüşüm olmayıb. Ancaq hər zaman onları diqqətdə saxlayırıq. Hətta hadisələrdən bir neçə gün öncə sakinlər qəbulumda olmuşdular. Sakinlər Söyüdlü məktəbinin tikintisi ilə əlaqədar yanıma gəlmişdilər, daha sonra bu məsələ haqqında danışıqlar olmuşdu. Yəni narazılıqlarını bizə bildirmişdilər”.
Digər xəbərlər