Milli Məclisin deputatı Anar Məmmədovun və Dünyagöz klinikasının baş kəkimi Dos., Dr.Fərəh Abduləliyevanın birgə təşəbbüsü ilə şəhid atasının göz əməliyyatı uğurla həyata keçirilib.
Qarabaginfo.az xəbər verir ki, Goranboy rayonu Qarqucaq kənd sakini, şəhid Aslanov Rəşadın atası Aslanov Taryel millət vəkili Anar Məmmədovun dəstəyi ilə əməliyyat olunub. Belə ki, şəhid atası bir müddət bundan öncə görmə qabiliyyətinin çox zəif olması və bununla bağlı ona lazımı köməkliyin göstərilməsi üçün millət vəkilinə müraciət etmişdir.
Bu gün artıq Aslanov Taryel Dünyagöz klinikasında görmənin bərpası ilə bağlı uğurlu əməliyyat keçirib. Anar Məmmədov şəhid ailəsini xəstəxanada ziyarət edib, ona Allahdan şəfa diləyib, göstərdiyi köməkliyə görə Dünyagöz xəstəxanasının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Şəhid atası Aslanov Taryel də ona göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.