Saytımızı qiymətləndirin


 
 

Abituriyentlərə VACİB XƏBƏR - Az balla bu ixtisaslara qəbul ola bilərsiniz
Tarix: 14-06-2023 | Saat: 13:28
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Abituriyentlərə VACİB XƏBƏR - Az balla bu ixtisaslara qəbul ola bilərsiniz

Azərbaycanda ali məktəblərə qəbul ballarının azaldılması gözlənilir. Buna səbəb olaraq plan yerlərinin artırılması və imtahan nəticələrinin elə də yüksək olmaması göstərilir. Bəzi ekspertlərin fikrincə, bu il qəbul imtahanlarında az bal toplayan abituriyentlər də tələbə adını qazana biləcək.

 

Məlumat üçün bildirək ki, ötən il ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib. Onlardan 48 841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23 044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25 797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Məsələn, ötən il Bakı Dövlət Universitetində I qrupdan 200 balla geologiya və geofizika mühəndisliyi ixtisasına qəbul olmaq mümkün olub. Ancaq, vəziyyət hər il dəyişir. Hər il keçid ballarında oxşar, takrarlanan meyillər, tendensiyalar özünü göstərsə də, müəyyan dəyişikliklər müşahidə olunur.

 

Maraqlıdır, bu il az balla abituriyentlər hansı ixtisaslara qəbul ola biləcək?

 

Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov bu il plan yerlərinin kəskin şəkildə artması səbəbilə ballarda enmə müşahidə olunacağını diqqətə çatdırıb. 


“İlk növbədə qeyd edim ki, bu il ali təhsil müəssisələrinin qəbul plan yerləri kəskin şəkildə artacaq. Yəni biz ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 minə yaxın plan yeri gözləyirik və onun 27 mindən çoxu ödənişsiz, yəni dövlət sifarişli ixtisaslardır. Bu il I ixtisas qrupunda balların enməsini gözləyirik. Qeyd edim ki, artıq bir neçə ali təhsil müəssisəsində yeni ixtisaslar var. Hətta Bakı Dövlət Universitetinin özündə də I ixtisas qrupunda meliorasiya ixtisası açılıb. Eyni zamanda V ixtisas qrupu üzrə idman akademiyasında 3 yeni ixtisas var. Ümumilikdə, bu il ali təhsil müəssisələrinin ilkin nəticələrini təhlil etdikdə enmələrin müşahidə edilməsinin gözlənilən olduğunu görürük. Bunun əsas səbəbi qəbul plan yerlərinin əvvəlki illərlə müqayisədə artması, ikincisi səbəbi isə abituriyentlərin nəticələrinin aşağı olması ilə bağlıdır”, - Əsədov deyib.

 

 

Ekspert qəbulda hansı ixtisaslar üzrə keçid ballarının aşağı olacağını açıqlayıb.


“Biz şagirdlərin I ixtisas qrupunda geologiya, geofizika, mədən mühəndisliyi, torpaqşünaslıq, aqrokimiya kimi ixtisaslara aşağı balla qəbul olmaq ehtimalını gözləyirik. Məsələn, I ixtisas qrupunda maşın mühəndisliyi, kimya mühəndisliyi, material mühəndisliyi ixtisaslarına daha az, yəni 200 bal ətrafında bal toplayan abituriyentlərin qəbul olması qaçılmazdır. Hətta biz ADNSU, AZTU, AZMİU kimi universitetlərdə 300 bal ətrafında bal toplayan abituriyentlərin həyat fəaliyyətinin təhlükəsizlik mühəndisliyi, elektrik, elektronika, materiallar mühəndisliyi ixtisaslarına aşağı balla qəbul olmasını gözləyirik. Çünki I ixtisas qrupunda bu il informatika fənnindən imtahan verəcək abituriyentlər həmin fənnə yüksək səviyyədə hazırlaşmadıqlarına görə, bu da onların nəticələrinin aşağı düşməsinə gətirib çıxaracaq".

 

O, həmçinin vurğulayıb ki, bu il İKT ixtisaslarında balların müəyyən qədər enməsi gözlənilir.

 

"Qeyd etdiyim ali təhsil müəssisələrində materiallar mühəndisliyi, maşın mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları ixtisaslarına 200 balla qəbul olmaq mümkün olacaq. Minumum keçid balı ilə bu ixtisaslara qəbul gözləniləndir. II ixtisas qrupu üzrə isə biz abituriyentlərin menecment, marketinq, statistika, biznesin idarə edilməsi ixtisaslarına ödənişli əsaslarla daha aşağı balla qəbul ola biləcəklərlərini gözləyirik. Amma bu il II ixtisas qrupunun abituriyentləri diqqətli olmalıdır. Çünki burada abituriyentlərin sayı müəyyən qədər dəyişib. Eyni zamanda III ixtisas qrupunda subbakalavrlar regionşunaslıq ixtisaslarına, həmçinin bölgələrdə yerləşən ali təhsil müəssisələrinə, hətta pedaqoji ixtisaslarına qəbul ola biləcəklər. III qrupda biz beynəlxalq münasibətlər ixtisasına müəyyən qədər bal artımı gözləsək də, regionşünaslıq, sosial iş, eyni zamanda özəl ali təhsil müəssiələrində tərcümə kimi ixtisasların balının yüksək olmayacağını deyə bilərik. Yəni abituriyentlər daha aşağı ballarla həmin ixtisaslara qəbul ola biləcəklər. IV ixtisas qrupunda isə biz hər dəfə bunu müşahidə edirik ki, abituriyentlər ekologiya ixtisasına hətta 150 balla belə qəbul ola bilirlər. Ekologiya ixtisasına özəl universitetlərdə və bölgələrdə az ballı abituriyentlərin qəbul olması mümkündür. Hətta biz Bakıda IV ixtisas qrupu üzrə aşağı bal toplayan abituriyentlərin psixologiya, ekologiya, biologiya ixtisaslarına qəbul olduğunu müşahidə etmişik”. 

 

Təhsil eksperti Elçin Əfəndi isə daha çox texnologiya ilə bağlı olan ixtisaslarda enmələrin ola biləcəyini düşünür.

 

"Hazırda bütün birinci cəhd imtahanları başa çatıb. I,II,III,IV ixtisas qrupları üzrə imtahanlar baş tutacaq. Həmin imtahanlardan sonra hansı qruplarda balların nə vəziyyətdə olduğunu daha dəqiqliklə demək mümkün olacaq.   Amma ümumi buraxılış və birinci cəhd blok imtahanını nəzərə alsaq hələlik yaxşı göstəricilər I və IV qruplara aiddir. Sonraki sırada isə III və II ixtisas qruplarında olan nəticələr gəlir", - o deyib.

 

 

Ekspert vurğulayıb ki, daha prestijli ixtisaslarda, dövlət sifarişli ixtisaslarda balların enməsi müşahidə oluna bilər:

 

"Çünki dövlət sifarişli plan yerlərinin sayının artması öz təsirini göstərmiş olacaq. Hansı ki, biz 500 baldan yuxarı olan ixtisasları nəzərdə tuturuq. Yəni dövlət sifarişli olan ixtisasların keçid ballarında müəyyən qədər enmə halı müşahidə oluna bilər. Xüsusilə də, daha çox bu I ixtisas qrupunun informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri istiqamətlərində, yəni texnologiyaya aid olan ixtisaslarda öz əksini tapacaq. Bundan əlavə tibb istiqamətində də dövlət sifarişli olacaq plan yerlərinə müəyyən qədər təsir etmiş ola bilər. Eyni zamanda pedaqoji yönümlü ixtisaslarda da enmələrin müşahidə olunması gözlənilir. Yəni əsas gözləntilərimiz hələ ki bunlardır. Amma təbii ki, yenə də ümumi imtahan nəticələri hansı ki, ikinci cəhd imtahan nəticələri var. Onlardan sonra daha dəqiq bilmək olar ki, hansı istiqamətlər üzrə daha real hallarda enmə müşahidə oluna bilər”.

 



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər