Saytımızı qiymətləndirin


 
 

Quru sərhədləri açılmasa, turizm dirçəlməyəcək… 
Tarix: 26-04-2023 | Saat: 14:18
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Quru sərhədləri açılmasa, turizm dirçəlməyəcək… 

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, aprelin 19-da Azərbaycanda karantin müddəti yenidən uzadılıb. Belə ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək qüvvədə qalacaq.

 

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayında tətbiq edilib. Bu zaman bir çox məhdudiyyətlərlə yanaşı, ölkənin quru sərhədləri də qapadılıb. Məhdudiyyətlərin bir çoxu aradan qaldırılsa da, quru sərhədləri 3 ildən çoxdur ki, bağlıdır. İyulun 1-dən sonra quru sərhədlərinin açılıb-açılmayacağı sual altındadır.

 

Bir çox ekspertlər quru sərhədlərinin qapalı qalmasının turizm sənayesinə mənfi təsir etdiyini bildirir. Xüsusilə yay aylarında sərhədlərin bağlı qalması ölkəyə gəlmək istəyən turistləri fikrindən daşındıra bilər. Müşahidəçilər deyir ki, quru sərhədlərinin bağlı qalması turistlərin səyahət imkanlarını xeyli azaldır. Adətən avtomobil və ya avtobusla səyahət etməyə üstünlük verən turistlər sərhədləri qapalı olan ölkəyə getməkdən çəkinir. Nəticədə ölkəyə daxil olan turistlərin sayında azalma müşahidə edilir.

 

Karantin müddətinin uzadılması və quru sərhədlərinin bağlı qalması turizm sənayesinə, ümumilikdə iqtisadiyyata necə təsir göstərir?

 

Mövzu ilə bağlı Qarabaqinfo.az danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, həm xüsusi karantin müddətinin uzadılması, həm də sərhədlərin bağlı qalması iqtisadiyyata mənfi təsir göstərir:

 

“Azərbaycanda hava nəqliyyatının qonşu ölkələrlə müqayisədə hədsiz baha olması, eyni zamanda, quru sərhədlərinin bağlı qalması turist axınına ciddi təsir göstərir. Karantin müddətinin uzadılmasının da müəyyən mənada iqtisadiyyata mənfi təsirləri var”.

 

 

Ekspert qeyd etdiyi məqamların hökumət tərəfindən nəzərə alına biləcəyini deyir:

 

“Bütün bunlara baxmayaraq, quru sərhədləri bağlı qalırsa və yaxud karantin müddəti uzadılırsa, hesab edirəm ki, bu addım strateji baxımdan atılır. Görünür ki, quru sərhədlərinin açılmasının indiki dövr üçün mənfi tərəfləri ola bilər. Bildiyimiz kimi, İranla münasibətlər yaxşı deyil, Ukrayna-Rusiya müharibəsi getdikcə şiddətlənir, ölkəyə miqrant axınları ola bilər. Bir sıra istiqamətlər var ki, strateji baxımından həm ölkənin təhlükəsizlik məsələləri, ölkədən valyuta axınına nəzarətin olmaması və s. kimi məsələləri nəzərə aldıqda bunun müsbət tərəfləri də var. Konkret iqtisadi cəhətdən zərərlidir”.

 

Turizm eksperti Ceyhun Aşurov isə vurğulayıb ki, xüsusi karantin müddətinin uzadılması sərhədlərin gələn ay açılacağı ehtimalını aradan qaldırıb:

 

“Dünyada 2022-2023-cü illər turizm bərpa dövrü kimi qiymətləndirilir. 2023-cü ildə turizm sahəsində bərpanın pandemiya dövrü ilə müqayisədə təxminən 80-90 faiz olacağı düşünülür. Gözləntilər bundan ibarətdir. Azərbaycana əvvəlki illərlə müqayisədə daha çox turist gələ bilər. Turistlər əsasən bizimlə quru sərhədi olan ölkələrdən gəlir. Hər 10 nəfər turistdən 7-si bizimlə quru sərhədi olan ölkələrdən - Türkiyə, Rusiya, Gürcüstan və İrandan gəlir. Bu ölkələrlə quru sərhədlərinin müəyyən səbəblərdən bağlı qalması 2019-cu il səviyyəsində ölkəmiz turist axının 2019-cu ildəki səviyyəyə dönməsini çətinləşdirəcək".

 

 

Ekspert qeyd edib ki, turistlər daha çox məhdudiyyətlər aradan qalxmış ölkələrə üz tuturlar:

 

"Doğrudur, hava sərhədlərimiz açıqdır. Uçuş coğrafiyaları genişləndirilir. Ümid edirik ki, ucuz hava daşıyıcıları yenidən Azərbaycana daxil olacaq. Bu da turistlərin sayına öz təsirini göstərəcək. Hər halda quru sərhədlərinin bağlı qalması turizmin daha aktiv şəkildə bərpa olunmasına müəyyən qədər məhdudiyyət yaradacaq. Müşahidələr göstərir ki, turistlər daha çox məhdudiyyətlərin tamamilə aradan qaldırıldığı ölkələrə səyahətə üstünlük verirlər. Burada dövlətin ölkəni turizm məkanı kimi tam şəkildə açıqlığına çalışması faktoru da rol oynayır".

 

Ceyhun Aşurov bu il ərzində quru sərhədlərinin açılacağına ümid etdiyini bildirib: 

 

"Ümid edirik ki, bu il ərzində biz quru sərhədlərinin açılışına şahidlik edəcəyik. Hər bir ölkə üçün onun təhlükəsizliyi əlbəttə daha vacibdir. Təhlükəsizlik olmadığı halda turizmdən söhbət belə gedə bilməz. Bu baxımdan lazımi zəruri addımların atılacağını düşünürük. Hava nəqliyyatımızın genişlənməsi ilə əlaqədar quru sərhədlərimizin də açılacağını düşünürük". modern.az



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər
27-03-2023, 13:48 Sabah hava necə olacaq?