Saytımızı qiymətləndirin


 
 

Ukraynaya nə qədər azərbaycanlı QAYIDIB? 
Tarix: 06-04-2023 | Saat: 14:44
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Ukraynaya nə qədər azərbaycanlı QAYIDIB? 

Ötən ilin fevralın ayında Rusiyanın Ukraynaya hücumunun başlamasından sonra Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarımızın və onların ailə üzvlərinin təxliyəsinə başlayıb. Təxliyə Ukraynanın qonşu ölkələri vasitəsilə həyata keçirilib. 

 

Nazirliyin məlumatına görə, Azərbaycana 7500 nəfərdən çox insan təxliyə olunub. Onlardan 3000 nəfəri çarter reysləri, digərləri isə avtobuslarla ölkəmizə gətirilib.

 

Vətəndaşların təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan soydaşlarımızın təxliyəsinə üstünlük verilib.

 

Ancaq Ukraynanın uğurlu əməliyyatlarla bir sıra şəhərləri işğaldan azad etməsindən sonra bir çox azərbaycanlılar Kiyevə və digər şəhərlərə geri qayıdıb.

 

 

Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov Modern.az-a açıqlamasında bildirib ki, Ukraynaya qayıdan azərbaycanlıların dəqiq sayı barədə məlumat yoxdur:

 

“Bildiyiniz kimi, hazırda Ramazan ayındayıq. Axşamlar iftarlar verilir. Bizim soydaşlarımızın yığışdığı iftar gecələrində məlum olur ki, kimlər qayıdıb, kimlər gedib. Eyni zamanda şəhərdə azərbaycanlılara məxsus yerlər var idi ki, onlardan bəziləri açılıb. Amma bunları nəzərə alıb demək olmaz ki, qayıdanların sayı çoxalıb, ya azalıb. Hazırkı vaxtda gedənlər də, gələnlər də var. Burada əvvəl olanların çoxu tələbələr idi, hazırda dərslər onlayn keçirildiyi üçün tələbələr də yoxdur. Xarkovda olan universitetlərin çoxu Ukraynanın qərbinə köçürülüb".

 

Fəxri konsul, həmçinin vurğulayıb ki, Rusiyanın hücumları nəticəsində azərbaycanlılara dəyən ziyanın məbləği məlum deyil: "Müharibə hələ bitməyib, məsul şəxslər şəhərlərdə azərbaycanlılarla bağlı xüsusi siyahı hazırlamayıb. Ümumi Ukraynaya dəyən ziyan var”.

 

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov isə qeyd edib ki, geri qayıdan azərbaycanlıların sayı artıb: 

 

“Ukraynaya qayıdan azərbaycanlıların sayı əvvəlki vaxtlara nisbətən çoxalıb. Böyük şəhərlərdə hava hücumundan müdafiə sistemi qurulub. Təhlükə əvvəlki kimi deyil. Ukraynalıların özləri də artıq qayıdırlar. Rusiyanın şəhərləri işğal etmək şansı demək olar ki, yoxdur. Ən əsası insanlar evlərindən kənarda yaşaya bilmirlər. Bir çox azərbaycanlının işi, həyatı bura ilə bağlıdır. Əsasən qadınlara nisbətən kişilər daha çox qayıdır. Onların işi buradadır. Azərbaycanlılar əsasən Kiyev, Xarkov, Odessaya qayıdırlar. Lakin geri qayıdan soydaşlarımızın dəqiq sayı məlum deyil".



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər