Kliniki Tibbi Mərkəzdə həkim-uroloqun qəbulunda olan vətəndaş Orxan Həsənov dövlət səhiyyə sistemində yaşadığı çətinliklərlə bağlı şikayət edib.
Qarabaginfo.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, həkim ona bir neçə laborator testin verilməsini tövsiyə edib. Lakin bildirilib ki, “bu testləri dövlət tibb müəssisəsində etmək mümkün deyil, çünki reaktiv yoxdur”. Ardınca həkim özəl klinikanın blankında göndəriş yazaraq vətəndaşı həmin klinikaya yönləndirib.
“Həkim dedi ki, bu analizlər yalnız özəldə var. Mənə özəl klinikanın blankında göndəriş verdi. Halbuki mən dövlət müəssisəsində müayinə olunurdum”, – deyə Orxan Həsənov bildirib.
Vətəndaş bu vəziyyətlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 çağrı mərkəzinə müraciət edib. Qaynar xəttdən ona bildirilib ki, sözügedən testlər dövlət tibb müəssisəsində də mümkündür və bunun üçün sadəcə sığorta şöbəsinə yaxınlaşmaq kifayətdir.
“Mən dediklərinə əməl etdim, yenidən Kliniki Tibbi Mərkəzə qayıtdım. Sığorta şöbəsindən bildirdilər ki, göndərişi həkim verməlidir. Daha sonra şöbə müdiri Nərminə xanımı tapmaq istədim, dedilər, işdə deyil. 2-ci mərtəbədən Afaq xanıma yönləndirdilər, o da ‘bizlik deyil’ cavabını verdi”, – deyə şikayətçi əlavə edib.
Orxan Həsənov yaranmış vəziyyətlə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sualla müraciət edir:
“Dövlət tibb müəssisəsinin həkimi niyə özəl klinikanın blankında göndəriş verir? Görəsən həmin klinika həkimə nə vəd edib? Bir analiz üçün bu qədər qapı gəzmək bu qədərmi çətindir?”
Şikayətçi ölkədə səhiyyə sistemindəki problemlərin artıq dözülməz həddə çatdığını vurğulayır:
“Bizim səhiyyə çoxdan xəstələnib. Atalar demişkən, qoz beli qəbir düzəldər, amma görünür, bizim ‘ölmüş’ səhiyyəni qəbir də düzəldə bilmir.”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.