Lakin keçən il olduğu kimi, bu il də mənzillər günü gündən bahalaşır. Hətta ötən bir neçə ay ərzində qiymətlər arasındakı kəskin fərq dərhal nəzərə çarpır.
Bəs görəsən, bu bahalaşma nə ilə əlaqədardır? Yaxın illər ərzində ev qiymətlərinin düşməsi gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Elnur Azadov qiymət artımının bir neçə səbəbi olduğunu açıqlayıb:
“Bu qiymət artımı son 2 ildə müşahidə olunur, buna səbəb isə inşaat materiallarının qiymətlərinin qalxması, inşaat normativlərinin sərtləşməsi oldu. Tikinti şirkətlərinə vergilərin tətbiqi də qiymətlərin bahalaşmasına təsir etdi. Bu səbəbdən tikinti şirkətləri qiymət artımına yol açdılar. Qiymət artımı birdən-birə yox, tədricən oldu, qiymətləri artıra-artıra getdilər.
İnşaat mallarının qiymətlərinin artma səbəbi işğaldan azad olunan ərazilərdə kütləvi tikinti işlərinə başlanması oldu. Buna görə bəzi malların qiyməti artdı, çünki tələbat çoxaldı.
Köhnə - sovet binalarının qiymətinin qalxma səbəbi də məhz tikinti şirkətləridir. Onların artırdığı qiymətlər ümumilikdə bütün bazara təsir edir, ona görə qiymət artımı həm yeni tikililərdə, həm də köhnə tikililərdə nəzərə çarpır”.
Ekspertin sözlərinə görə, növbəti illər ərzində mənzil bazarında qiymətlərin düşməsi gözlənilən deyil:
“Əslində hazırkı duruma görə, tikinti şirkətlərinin vəziyyəti o qədər də yaxşı deyil. Onlar sərbəst gedib tikinti sərəncamlarını ala bilmirlər, tikinti üçün yerlər tapa bilmirlər, sökülən ərazilər onlara baha başa gəlir, yeni komplekslərin salınmasında müəyyən məhdudiyyətlər var, bu sektorda əvvəlki kimi sərbəstlik yoxdur. Bunlar hamısı tikinti şirkətlərinə əks təsir edir, bu baxımdan növbəti illərdə qiymətlərin ucuzlaşması gözlənilmir”.