Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Ağdarə və Yuxarı Orataq yaşayış məntəqələri istiqamətində qanunsuz erməni silahlı dəstələrinin üzvləri bir gün ərzində 2 avtoqəza törədib.
  
Qarabaginfo.az 
erməni mətbuatına istinadən xəbər verir ki, Ağdərə istiqamətində hərəkət edən qanunsuz erməni silahlı dəstəsinə məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarında yerləşən mağazaya çırpılıb.

Sürücünün sərxoş olması səbəbindən baş verən qəza zamanı qanunsuz silahlı dəstənin bir neçə üzvü xəsarət alıb, mağaza sahibinə isə külli miqdarda maddi ziyan dəyib.
 
Məlumatda o da qeyd olunub ki, qarlı hava və yolun buz bağlaması səbəbindən qanunsuz erməni silahlı dəstəsinə məxsus “UAZ” markalı hərbi nəqliyat vasitəsi aşıb.

Hər iki qəza nəticəsində xəsarət alan qanunsuz erməni silahlı dəstələrinin üzvləri mülki xəstəxanaya aparılıb və onların vəziyyəti orta-ağır qiymətləndirilir. Hər iki maşın yararsız hala düşüb.