Saytımızı qiymətləndirin


 
 

Laçın yolunda son vəziyyət: “Geri dönməyəcəyik…”
Tarix: 16-12-2022 | Saat: 10:56
Bölmə:Karusel | çapa göndər

Laçın yolunda son vəziyyət: “Geri dönməyəcəyik…”

 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir. Bu gün artıq aksiyanın 5-ci günüdür. 

 

Nümayiş iştirakçılarına ictimai dəstək getdikcə artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulurlar. Rusiya sülhməramlıları qarşısında dayanan fəallar yeni şüarlarla öz etirazlarını dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. 

 

Hazırda aksiya iştirakçılarından olan Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu son durum barədə Modern.az-a danışıb. O ekoloji terror əleyhinə aksiyanın ruh yüksəkliyi ilə davam etdiyini deyib. 

 

“Axşam saatlarından etibarən aksiyaya əlavə qüvvələr də qoşulub. Səhərə qədər yatmamışıq. Səhər tezdən kütləvi şəkildə himni oxuyaraq, aksiyanın beşinci gününə başladıq. Əsgərlərimizə dəstək olacaq şüarlar səsləndiririk. “Qarabağ Azərbaycandır!” və digər aktual şüarlardan istifadə edirik. Hazırda aksiya iştirakçılarında böyük ruh yüksəkliyi var”.

 

Jurnalist dünəndən bəri yeni şüarların səsləndirildiyini söyləyib: “Aksiya iştirakçıları “Vardanyan, rədd ol!”, “Arutunyan, rədd ol!” kimi yeni şüarlardan da istifadə edirlər. Ancaq yeni tələblərin səsləndirilib-səsləndirilməyəcəyini hadisələrin gedişatı göstərəcək”.

 

Samir Xalidoğlu vurğulayıb ki, aksiya ancaq öz məqsədinə nail olduqda dayanacaq:

 

"Təbii ki, tələblər yerinə yetirilənə qədər davam edəcək. Artıq bu yola başlamışıqsa, aksiyanın 5-ci gününə gəlmişiksə, deməli, tələblərimizdən dönməyəcəyik. Biz tələblərimizin yerinə yetiriləcəyinə inanırıq. Bunun nə vaxt olacağını bilmirik. Hər halda biz etirazlarımızı dilə gətirməyə davam edəcəyik".

 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər