Tarix: 13-09-2022 | Saat: 16:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
2022-ci ilin birinci yarısında Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılan yoxlamalarla ümumilikdə 99.910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, həmin məbləğin 33.502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib.
Yuxarıda qeyd olunan dövr ərzində Xidmətin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə daxil olan xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 35 təşkilatda aparılan yoxlamalarla aşkar olunan 96.926,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 33.330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunan və aşkar edilən nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilən vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.
Xidmətin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 2022-ci il üçün təsdiq olunan iş planına əsasən 2022-ci ilin birinci yarısında 14 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 2919,4 min manat məbləğində artıq və əsassız ödənişlərin 108,0 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilən, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811.4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bununla yanaşı, Xidmət tərəfindən dövlət orqanlarına daxil olan vətəndaş müraciətlərinə əsasən 3 təşkilatda müraciətdə göstərilənlər yoxlanılmış, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunmuş və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Yoxlamalar zamanı nəzarət obyektlərində, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına yoxlama materialları göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 25 nəfər vəzifəli şəxsə 16,5 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Digər xəbərlər