Saytımızı qiymətləndirin


 
 

Serblər qisas hazırlığında - Müharibə istisna deyil
Tarix: 01-08-2022 | Saat: 17:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Kosovo hökumətinin serblərə qarşı yeni qaydalar tətbiq etməsi bölgədə gərginliyin artmasına səbəb olub. Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan edilir. Kosovoya daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək.

 

Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub. Kosovo polisi Brnyak və Yarinye sərhəd-keçid məntəqələrini bağlayıb.

 

Yerli mətbuat bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazıb. Alban əsilli vətəndaşların da hücuma məruz qaldığı, onların nəqliyyat vasitələrinə xəsarət yetirildiyi bildirilib.

 

Məlumata görə, sərhəddəki gərginliklə əlaqədar Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ölkə Prezidenti Aleksandr Vuçiç mətbuata açıqlamasında Kosovonun hər an hücuma başlayacağını bəyan edib.

 

Serbiya-Kosovo arasında yaşanan gərginlik dünyada yeni müharibə ocağının yaranması ilə bağlı iddiaları gücləndirib.

 

Mövcud vəziyyət haqqında Modern.az-a danışan politoloq Tofiq Abbasov qeyd edib ki, Kosovo ilə Serbiya arasındakı problemlər Qarabağdakı duruma oxşardır.

 

“Münaqişə başlayanda Serbiyanın ərazi bütövlüyü pozuldu, Kosovo dövlətini yaratdılar və təbii ki, Azərbaycan onu tanımayıb. Kosovonun yaradılması zorla baş verib. Çünki Amerika NATO-nun da iştirakı ilə Serbiyanı cəzalandırmaq niyyəti ilə bu cür addımı atdı. Biabırçı, dəhşətli vəziyyət yarandı, binalar dağıldı, raket bombaları atıldı, Serbiya müsibətlə üz-üzə qaldı.

 

ABŞ o dövrdə birqütblü dünyanın bütün üzünü açıb göstərdi. Sovetlər çökdükdən sonra gördük ki, birqütblü dünya bizə nə vəd edir. Amerikanın saymazlığı, təkəbbürü bütün siyasi vasitələrin bir oyunçunun əlində olduğunu və bunun mənfi nəticələrini təsdiqlədi.

 

Çox qarışıq dövr yaranmışdı. ABŞ diplomatı prosesin idarəedicisi idi. O zaman diplomatik təcrübədə görünməyən bir addım atıldı. ABŞ bütün iştirakçı tərəfləri yemək, içmək və digər təməl ehtiyaclarla təmin edib, binaya qapatdı və bildirdi ki, ortaq yol tapana qədər buradan çıxmağa icazə verilməyəcək. Sazişin layihəsi yazılmalı, təsdiqlənməli, ancaq bu halda tərəflər binadan çıxarılmalı idilər. Beləliklə, ABŞ nəticəyə nail oldu. Siyasətdə belə gedişlərin də yeri var”, - politoloq gərginliyin yaranma səbəbindən söz açıb.

 

 

Onun fikrincə, hazırda münasibətlərin gərginləşməsi ondan xəbər verir ki, Serbiya və Kosovo arasında razılaşma zorla əldə edilib. Bu mənada Tofiq Abbasov müharibəni istisna etmir:

 

“Problemlər kökündən həll olunmadı. Yenidən gərginlik başlayır, problemin kökü iltihaba uğrayır. Qərb hansısa beynəlxalq standartı, hüquqi sənədi qəbul edibsə, gərək hər kəsə qarşı bir yanaşma tətbiq etsin. Bir çox məsələlərdə görürük ki, qəbul edilən normalar kağız üzərində qalır və ya ikili yanaşmalar tətbiq olunur.

 

Serbiya və Kosovo arasında münaqişə kökündən həll edilməyib. Serblərə qarşı böyük haqsızlıq edilib və onlarda bununla əlaqədar kompleks qalıb. Serblər əvəzini çıxmaq istəyirlər. Dünya birliyi belə məqamlarda nəticələri nəzərə almalıdır. Aşağı-yuxarı Azərbaycana göstərilən münasibət sərgilənir. Biz isə çox ağıllı siyasət həyata keçirdik. Öz problemimizi özümüz həll etdik və başımızı ucaltdıq. Bizim Vətən müharibəsində uğurumuz digər belə durumda olan xalqlar üçün nümunə oldu. Serblər də qamətini düzəltmək istəyirlər, bu onların haqqıdır. Kosovolular din qardaşlarımızdır, amma kiminsə haqqını tapdalamaq düzgün deyil. Elə din də bunu təlqin edir”.



Xəbəri paylaş

1177 dəfə oxunub.

Digər xəbərlər