Tarix: 30-07-2022 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ukrayna Donetsk vilayətinin işğal olunmuş Yelenovka koloniyasında ukraynalı məhbuslara qarşı törədilən terror aktı ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edir.
Qarabaginfo.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Hərbi əsirlərlə davranış üzrə əlaqələndirici qərargah bəyanat yayıb.
“Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatı dərhal cinayətlə bağlı beynəlxalq araşdırmaya başlamalı və bu hadisədə iştirak edənlərin hamısının cəzalandırılmasını tələb etməlidir. Biz ukraynalı hərbi əsirlərin saxlanma şəraitinin yoxlanılması üçün beynəlxalq təftişin aparılmasının zəruriliyini vurğulayırıq”, - bəyanatda bildirilib.
Həmçinin qeyd olunub ki, Ukrayna Rusiyadan terror aktı nəticəsində ölən və yaralananların siyahısını tələb edib: “Bütün yaralılara lazımi tibbi yardım göstərilməli, ölən hərbçilərin cəsədləri lazımi şəkildə dəfn olunmaq üçün qaytarılmalıdır”.
Bəyanatda vurğulanıb ki, Rusiyanın Yelenevkada törətdiyi cinayət beynəlxalq hüququn, milli qanunların və insan əxlaqı normalarının kobud şəkildə pozulmasıdır. Ona görə bu əməldə iştirak edənlərə ən ağır cəza verilməsi tələb olunur.
Xatırladaq ki, iyulun 29-da gecə saat 2-də Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində 120 saylı islah koloniyası partladılıb. Nəticədə Ukraynanın “Azov” alayının əsir düşən 50 döyüşçüsü həlak olub, 75 nəfər yaralanıb.
Digər xəbərlər