Tarix: 16-05-2021 | Saat: 18:41
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə işğal altına olan torpaqlarını azad etməsi bir çox digər sahələrdə olduğu kimi elektroenergetika sahəsində də əhəmiyyətli layihələrin reallaşdırılmasına şərait yaradıb.
Qarabaginfo.az xəbər verir ki, Cəbrayıl rayonu ərazisində - Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir.
İranla əldə edilmiş razılaşmaya əsasən, ümumi gücü 240 meqavat olan hər iki stansiyadan 716 milyon kVt/s elektrik enerjisi istehsal ediləcək ki, onun da 356 milyon kVt/s-ı Azərbaycanın payına düşəcək.
Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib ki, adıçəkilən hidroqovşaqlar və su elektrik stansiyaları Qarabağ üçün həm enerji, həm də suvarma baxımından əhəmiyyətli olacaq: “Hazırda işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı üçün “Yaşıl enerji” konsepsiyası işlənir. Bildiyiniz kimi dövlət başçısının tapşırığı əsasında, bu ərazilərin bərpaolunan enerji mənbələri hesabına təminatının həyata keçirilməsi üçün tədbirlər həyata keçiriləcək. Külək və günəş enerji potensialının qiymətləndirilməsi ilə bağlı tədbirlər hazırda icra olunur və gələcəkdə yəqin ki, bu sahədə həm iri həcmli, həm də kiçik həcmli layihələrin icra edilməsinə başlanacaq. Həm Araz çayının su ehtiyatlarından, həm də işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından istifadə edilməsi də bu ərazilərin enerji təminatında çox ciddi rol oynayacaq. Azad edilmiş ərazilərdə təqribən 45 kiçik su elektrik stansiyası fəaliyyət göstərib, düşmən ərazini tərk edərkən bu su elektrik stansiyalarının bir çoxunu dağıdıb və talan edib. Hazırda “Azərenejri” ASC işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinin formalaşdırılması işləri görür və bu stansiyalar istifadəyə verildikdən sonra o şəbəkələr vasitəsi ilə ərazinin elektrik enerjisi təminatında istifadə olunacaq”.
“Azərenerji”nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru isə deyir ki, “Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının ümumi şəbəkəyə qoşulması üçün Cəbrayılda 330 kilovoltluq yeni yarımstansiya tikiləcək: “Xudafərin” və “Qız qalası” hdroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi bizim enerjisistem üçün çox böyük əhəmiyyət kəsb edəcək. “Xudafərin” su elektrik stansiyasının gücü 200 MVt-dır, “Qız qalası” su elektrik stansiyasının gücü isə 80 MVt-dır. “Xudafərin” SES-in 100 MVt-ı, “Qız qalası” SES-in isə 40 MVt-ı Azərbaycanın payına düşür.
Bilirsiniz ki, “Azəreneji” xüsusi proqram tərtib edib və icrasına başlamışıq. Bu ilin sonuna qədər icra bitəcək. Bizim perspektiv inkişaf planına əsasən, Cəbrayılda 330 KV-luq yarımstansiyanın tikintisi həyata keçiriləcək və “Xudafərin”, “Qız qalası” su elektrik stansiyalarını biz birbaşa bu yarımstansiya ilə əlaqələndirəcəyik”.
Energetika Nazirliyinin Qarabağda apardığı araşdırmalara görə, bəzi rayonlarda günəş, bəzi rayonlarda isə külək enerjisi potensialı daha çoxdur.
“Bizim öz araşdırmalarımız da var. Eyni zamanda Dünya Bankı və digər beynəlxalq qurumların bu sahədə ciddi araşdırımaları var, xəritə və atlaslar tərtib olunur. Hər kəsin də bura əlçatanlığı var. Hazırda Araz çayına yaxın ərazilərdə - Füzuli, Cəbrayıl və Zəngilanda günəş potensialı daha çoxdur, lakin Laçın və Kəlbəcər külək potensialı ilə zəngindir”, - deyə Ə. Həsənov əlavə edib.
M.Hüseynovun sözlərinə görə isə, Qarabağda olan mövcud kiçik su elektrik stansiyaları 250 meqavat elektrik enerjisi istehsal etmək potensialına malikdir: “Nəzərə alsaq ki, “Güləbird” su elektrik stansiyasını ermənilər tamamilə dağıtmışdılar və orada “Azərenerji” müəyyən bərpa işləri gördü, hidroturbinlər, hdroqurğular və digər avadanlıqlar bərpa olundu. Biz bunları və o çaylardakı bolsululuğu nəzərə alsaq, biz hardasa 240-250 MVt-a qədər kiçik su elektrik stansiyalarında elektrik enejrisini istehsal edə biləcəyik”.(report)
Digər xəbərlər