Saytımızı qiymətləndirin


 
 

“Kukla”larla oynayır, ildə bir dəfə siqaret çəkir  - Zaxarovanın gizli dünyası
Tarix: 07-07-2022 | Saat: 12:59
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova siyasi müstəvidə kifayət qədər məşhurluq qazanıb. Rəsmi Moskvanın "güzgüsü" rolunda çıxış edən Zaxarova Rusiya tarixində XİN nümayəndəsi təyin edilən ilk qadın olub. Cazibədar mətbuat katibi bəzi həmkarları tərəfindən yaxşı qarşılansa da, onu istəməyənlər də az deyil.

 

Bəs Mariya Zaxarova kimdir?

 

Qarabaginfo.az xəbər verir ki, Rusiya XİN sözçüsünün həyatı ilə bağlı kiçik araşdırma edib. Nəticədə Zaxarova ilə bağlı xeyli maraqlı faktlar üzə çıxıb.

 

Sovet dövründə Rusiya Xarici İşlər Nazirliyinin keçirdiyi mətbuat konfransları darıxdırıcı olurdu. Bir qayda olaraq, kostyumlu ciddi kişilər quru, rəsmi elanları oxuyur, sonra eyni rəsmi dildən istifadə edərək suallara cavab verirdilər. Siyasətçilər bildirirlər ki, Zaxarovanın gəlişindən sonra nazirliyin ab-havası tamamilə dəyişib.

 

47 yaşlı rus diplomatın sayəsində ütülü statistikalar tarixə qovuşub, əvəzində rəngli və zarafatçıl obraz yaradılıb. Zaxarova Rusiyada adı ilə tanınan azsaylı sözçülərdən biridir. Onun brifinqləri məşhur sənətçilər kimi  milyonlarla insan tərəfindən izlənilir.

 

Müşahidələr göstərir ki, o, həmişə diplomatik protokola əməl etmir. Bəzən çılğın davranışları ilə diqqət çəkir, bəzən də replikalar ataraq zalda jurnalistlərin diqqətini əsas suallardan yayındırır. Bir sözlə, Zaxarova ən ciddi və problemli məsələlərdə belə auditoriyanın nəbzini tutmağı bacarır. Hətta o, bir dəfə tok-şouda ukraynalı şərhçiyə "İcazə verin danışım, yoxsa rus raketlərinin necə səsləndiyini eşidərsiniz!" deyib.

 

Zaxarova Barak Obama administrasiyası dövründə odlu-alovlu çıxışları ilə ABŞ mətbuatının gündəmindən düşmürdü. O, Obamanı tənqid edərək, xarici siyasətdə heç bir uğurunun olmadığını deyirdi.

 

Zaxarova 1975-ci ildə diplomat ailəsində anadan olub. Onun atası Vladimir Zaxarov 1981-ci ilin sonunda ailəni Pekinə köçürüb və orada Sovet səfirliyində işləməyə başlayıb. Ata Zaxarov karyerasının böyük hissəsini Çinə həsr edib, əvvəlcə səfirlikdə çalışıb, sonra Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibinin müavini vəzifəsinə qədər yüksəlib. Demək olar ki,  Pekini və Şanxayı Moskvadan daha yaxşı tanıyırdı.

 

Xanım Zaxarova ailəsinə çox bağlıdır. O, peşəkarlıqda atasının, xasiyyət baxımından isə anasının yolunu davam etdirir. Anası İrina Zaxarova Moskvanın məşhur Puşkin Muzeyində çalışıb. Atası isə həmişə diplomatiyaya bağlı olub.

 

Zaxarovanın dediyinə görə, valideynləri doğuşdan öncə onun oğlan olacağını düşünüblər. 

 

"Anadan olanda atam məni ciddi qəbul etməyib. Lakin məni sevirdi, böyütdü, amma gözləntiləri az idi. Mən bunu şüurlu şəkildə dərk etməmişəm, amma düşünürəm ki, bu, məndə iz buraxıb. Rusiya peşəkar dünyasında qadınlara tez-tez aşağı baxıldığını görəndə isə təəccüblənmədim”,- Zaxarova müsahibəsində bildirib.

 

Mariya Zaxarovanın təhsil həyatı

 

O, məktəbdə yaxşı oxuyurdu, Çin və ingilis dillərini öyrənirdi. Mariya ali təhsilə gəlincə, jurnalistikanı seçib, sonra beynəlxalq jurnalistika fakültəsindən məzun olub. Zaxarova diplom aldıqdan sonra Şərqə işləməyə gedir və Çinin paytaxtı Pekin şəhərinə üz tutur.

 

Çin səfirliyində işlədikdən sonra Rusiyaya Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq qayıdır.

 

Rusiya Federasiyasının BMT-dəki nümayəndəliyində mətbuat katibi vəzifəsində işə başlayır. 2008-ci ildə Zaxarova Rusiya XİN-in mərkəzi aparatına təyinat alıb, orada üç il çalışıb. 2015-ci ildən etibarən mətbuat xidmətinə rəhbər təyin olunaraq, XİN-in rəsmi nümayəndəsi kimi fəaliyyətə başlayıb.

 

 

Cazibədar diplomatın şəxsi həyatı

 

Zaxarova həmişə şəxsi həyatını gizli tutmağa çalışıb. O, bu barədə sual ünvanlananda cavab verməyəcəyini deyir. Sosial şəbəkələrdə öz fotolarını paylaşsa da, heç vaxt ailəsi haqda məlumat və şəkil ictimailəşdirməyib. Amma bəzi mənbələrə görə, Zaxarovanın Marianna adlı kiçik qızı var. 2010-cu ildə anadan olan Marianna Moskva məktəblərindən birində təhsil alır. O, anası kimi Çin və ingilis dilini bilir. 

 

Zaxarovanın həyat yoldaşı ilə bağlı məlumatlar məhduddur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında bu barədə heç bir məlumat yoxdur. Lakin 2017-ci ilin iyununda Zaxarova özü ilə yanaşı bir gəncin fotosunu paylaşaraq diqqət çəkmişdi. 

 

XİN rəsmisi şəklin altına “mən və sevimli adamım” yazıb. Payızın əvvəlində o, toy mərasimini əks etdirən başqa bir görüntü yayımlayıb. Beləliklə, Zaxarovanın ərinin Andrey Makarov olduğu məlum olub. Andrey Makarov bizneslə məşğuldur. Onun öz sahəsində uğur qazandığı bildirilir. 

 

Zaxarova ilə bağlı araşdırma apararkən, ilginc bir detal diqqətimizi çəkib. Belə ki, hamının əzəmətli diplomat kimi tanıdığı xanım Zaxarova uşaqlıqdan "kukla"ya maraq göstərdiyini və universiteti bitirdikdən sonra onu ala bildiyini bildirib.

 

Zaxarovanın gizli dünyası

 

Diplomatın evində gizli bir otaq var. Bu otaqda Zaxarovanın çoxlu oyuncaqları - gəlincikləri var. O, səfər etdiyi hər ölkədən azı bir oyuncaq gətirir.

 

“Kukla evim öz dünyamı yaratmaq imkanı verir. İçindəki hər şeyi yüz dəfə böyüdə bilsəydim, bu ev böyük bir malikanə olardı və mənim üçün gözəl hiss olardı. Ölkə daxili və xarici səfərləri zamanı kukla evi üçün mebel alıram. İngiltərədən mini çəllək, Kanadadan kreslo, Yaponiyadan yemək qabları, Sankt-Peterburqdan miniatür kitablar almışam. Bir dəfə biri mənə "sən öz kiçik dünyanda reallıqdan qaçırsan" dedi. Amma bununla heç bir əlaqəsi yoxdur. Bura məni xoşbəxt edir”,- Zaxarova evindəki kukla evi ilə bağlı deyib.

 

2015-ci ildən mətbuat önünə çıxan Zaxarovanın işi olduqca gərgindir. O işinin və gündəlik həyatının stressindən xilas olmaq üçün özünü bəzən mükafatlandırır. O, ildə bir dəfə siqarət çəkir. Bununla sakitləşdiyini deyir. Alkoqol isə xoşlamır. Yalnız həftədə bir qədəh şampan içdiyini bildirir.

 

Zaxarova həyata hər zaman pozitiv yanaşdığını, mənəviyyatını yüksəltmək üçün heç nəyə ehtiyac duymadığını söyləyir. Xanım diplomat, həmçinin bədənini necə gümrah saxladığının sirrini də açıqlayıb:

 

“Təxminən iki ilə 20 kilo arıqlamışam. Bir dəfə televizorda özümə baxdım və dedim ki, “daha belə davam edə bilmərəm. O zamandan sonra idman həyatımın əvəzedilməzi oldu. Diplomatik yeməklər zamanı çıxılmaz  vəziyyətə düşürdüm. O zaman vəziyyəti izah etməyə çalışırdım”.

 

 

Xanım diplomat idman və rəqs etməyi sevir. Bir müddət əvvəl onun “Kalinka” rus milli rəqsini oynayarkən yayılan görüntüləri maraqla qarşılanmışdı. Bununla yanaşı Zaxarova dünyanın ən ehtiraslı xanım diplomatlarından hesab olunur.

 

Zaxarovanın gündəlik geyim tərzi rəsmi olsa da, daha çox bahalı markalara üstünlük verir. Ən sevimli markası isə “Christian Dior”dur:

 

“Mən onlara sənət kimi baxıram. Tez-tez məşhur dizaynerlərdən hədiyyələr alıram. Amma nəzakətlə bu hədiyyələrdən imtina etmək problemlidir. Gələn hədiyyələri geri göndərməyə çox vaxt sərf edirəm. Mən dövlət məmuruyam, qanuna görə hədiyyə qəbul edə bilmərəm".

 

 

Diplomat qadın sosial şəbəkədə...

 

Gənc diplomat sosial şəbəkələrdə də aktivdir. Onun bir çox platformalarda səhifələri var. İnstaqram səhifəsində Zaxarovanın hara getdiyi, idmanla necə məşğul olduğu və evini necə qoruduğundan bəhs edən fotolara baxa bilərsiniz. Bundan əlavə, sosial şəbəkələrdəki səhifələrdə Zaxarovanın şeirləri və valideynlərinin yazdığı nağıllar diqqət çəkir. Fotolara yazdığı şərhlər əksər hallarda yumoristik olur. Bu da səhifənin bir çox abunəçilərinin diqqətini çəkir. Tvitter hesabında Zaxarova adətən rəsmi xəbərlər paylaşır. 

 

Lakin o, iddialı pozalar verməkdən də çəkinmir. İnstaqram səhifəsində çimərlik geyimində paylaşdığı fotolar adətən maraqlı müzakirələrə səbəb olur. (modern.az)



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər