Tarix: 27-06-2022 | Saat: 10:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
İyunun 26-da Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması istiqamətində genişmiqyaslı işlər bu gün də davam etdirilir. İşlər çərçivəsində mənbə kimi Gəncə şəhərində yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik verilişi xətti çəkilib. Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatında bu xətt müstəsna rol oynayacaq. Bu, Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksəkgərginlikli xətdir. Dağlarda texnikanın rahat hərəkət etməsi üçün əvvəlcə yol inşa edilib.
Diqqətə çatdırılıb ki, Kəlbəcərin yüksək dağlıq ərazidə yerləşməsinə və çətin şəraitə baxmayaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlər bu gün də sürətlə davam etdirilir. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə müasir elektrik şəbəkələr qurulur. Rayonun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur, Zod qızıl yatağı ərazisinə 35 kV-luq mühafizəli, izolyasiyalı kabel xəttinin çəkilməsi işləri davam edir.
Görülən işlər nəticəsində Kəlbəcərdə iki istiqamət üzrə 110 kV-luq hava xətləri bərpa edilib, bir istiqamətdə 110 kv-luq, dörd müxtəlif əraziyə isə 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində müxtəlif güclərdə 15 komplekt transformator məntəqəsi quraşdırılıb.
Bundan başqa, altı müxtəlif istiqamətdə 35 kV-luq müasir izolyasiyalı kabel xətlərinin çəkilməsi nəzərdə tutulub. Həmçinin 110/35 kV-luq "İstisu" yarımstansiyasının, Kəlbəcər və Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.
Digər xəbərlər