Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Səudiyyə Ərəbistanı deputatlarının onlayn görüşü keçirilib
Tarix: 01-06-2022 | Saat: 18:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan və Səudiyyə Ərəbistanı deputatlarının onlayn görüşü

Bu gün Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri ilə onlayn formatda görüş keçiriblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım ölkələrimiz arasında münasibətlərin inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından danışıb və bu əlaqələrin Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən daima inkişaf etdirildiyini vurğulayıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ceyhun Məmmədov, Könül Nurullayeva çıxış edərək iki ölkə arasındakı münasibətlərin əsaslandığı təməllərdən bəhs ediblər, Səudiyyə Ərəbistanının Ermənistanın təcavüzünə məruz qalan ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləməsini, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini xüsusi dost münasibəti kimi dəyərləndiriblər. Qeyd olunub ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Ermənistan tərəfindən ortaq İslam dəyərlərimizə aid dini-mədəni abidələrimizin və məscidlərimizin təhqirinə son qoyub. Bildirilib ki, hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın himayəsi altında erməni vandallarının dağıtdığı tarixi-dini abidələrin, məscidlərin bərpası istiqamətində böyük işlər görülür, layihələr həyata keçirilir. Deputatlar əlaqələrimizin inkişaf potensialı, perspektivləri ilə bağlı fikirlərini səsləndiriblər.

Videokonfransda çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev son vaxtlar Səudiyyə Ərəbistanı və Azərbaycan arasında əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdırıb.

Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri Üsamə bin Həsən Arif, Nasir bin Məhəmməd Əd-Duğeytir, Əməl bin Yəhya Əş-Şeyx də ikitərəfli münasibətlərin, parlamentlərarası təmasların, dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə parlamentarilər iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrimizin davamlı inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Videokonfransda Milli Məclisin deputatları Afət Həsənova, Anar Məmmədov, Əliabbas Salahzadə, Səudiyyə Ərəbistanı Məşvərət Şurasının Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər