Saytımızı qiymətləndirin


 
 

44 uçqunu -Hikmət Sabiroğludan duyğusal esse
Tarix: 09-04-2020 | Saat: 18:02
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

44 uçqunu -Hikmət Sabiroğludan duyğusal esse

…Dilşad mamanın talesizliyindən çox danışılırdı bizim evdə. Mənim yadıma gəlmir Dilşad mama – 1969-cu ildə, 44 yaşında vəfat edib. 3 yaşında olmuşam o vaxt.

Anam deyirdi səni çimizdirəndə Dilşad mama sevə-sevə su tökərdi.

Sevgi və yanğı ilə danışırdı baldızından.

Atam isə… səkkiz övlad anası olan böyük bacısının elə cavan ölməsi ilə heç barışmadı, Dilşadın balalarına bir ayrı sevgisi vardı onun.

Sıraları seyrəlmiş dərbədər ata nəslimizdə Dilşad mama nisgili bu gün də qalır.

…1983-cü ildə bircə dayımı 44 yaşında itirdim. 17 yaşım vardı.

Mütəllim dayı jurnalist, “Şuşa” qəzetinin redaktoru idi. Mən jurnalistliyin dalınca dayıma pərəstiş eləyə-eləyə düşdüm həm də.

Qəmli taleyi var dayımın. Övladı olmurdu. 1977-ci ildə bir qohum öz körpəsini dayıma verdi, nisgil bitdi – dayım o uşağı övladı bildi, biz də dayımız oğlu.

…1980-ci ildə o uşaq binanın pəncərəsindən düşüb tələf oldu.

Belimiz qırıldı.

İpək kimi dayım bu dərdə dözə bilmədi.

Yenə həmin qohum daha bir körpəsini dayıma vermişdi, nağıl deyil, olanı deyirəm. Amma bu, ürəyi paralanan dayıma təsəlli olmadı, xəstəlik tapıb köçünü sürdü.

Anam ömrünün sonuna kimi hər fikirdən çox qardaşının fikrini çəkdi, Mütəllim adı dilindən düşmədi heç.

Sıraları seyrəlmiş dərbədər ana nəslimizdə Mütəllim dayı nisgili sönmür.

…1999-cu ildə mənim ilk redaktorum Nəcəf Nəcəfov 44 yaşında vəfat etdi. Bu, tək mənim yasım deyildi, millətin yası düşmüşdü.

…O qəmli gündə qəfildən Dilşad mama və Mütəllim dayının ölümlərini xatırlamış, sonralar çözələyə-çözələyə bu hissin əsirinə çevrilib elə hey 44 yaşda öləcəyimi düşünmüşdüm.

Mənim 33 yaşım vardı Nəcəf bəy öləndə. Düz 11 il 44 yaşı gözləyib yaşadım. Xof demək istəmirəm buna.

…2010-cu ilin fevralında “Media forum” saytı yerləşən binada dəhşətli yanğın oldu. Mən daha bir neçə nəfərlə hər tərəfi tüstüyə qərq olmuş binanın 17-ci qatında əsir qaldım. Eyvanda sığınacaq tapa bilməsəydik, hamımız öləcəkdik.

Xoşbəxtlikdən yaxşı bitdi, yanğın söndürüldü, xilas edildik.

Yanğın bizi haqlayanda ilk yadıma düşən 44 yaşımın təzəcə tamamlanması olmuşdu.

…2020-ci il mənim üçün həm də doğum günüm olan 1 yanvardan deyil, 19 yanvardan – hər birimiz üçün əziz Aynur Mirhəsənin ölüm xəbərini aldığım gündən başladı.

Yanvarın 20-də – qırğın günü onu torpağa tapşırdıq.

Fevralın 26-da – Xocalı günü qırxında iştirak etdik.

O vaxtdan da dünyanı cənginə alan bir amansız xəstəlik başımızı kəsdirib.

Matəmdir.

Aynur dünyadan 44 yaşında köçdü.

Dilşad mama kimi, Mütəllim dayı kimi, Nəcəf bəy kimi.

Onlar 44-ü adlamışdılar.

Aynurun isə 44 yaşına hələ 9 gün qalırdı.

Mən də 44 yaşımda ölə bilərdim…

Deyirdim qurtulmuşam.

Daha bir əziz adamı 44 yaşında itirmək üçün sağ qalmışammış demə.

…2010-cu ilin fevralındakı o yanğın günü binanın işıqları tez-tez sönürdü. Sonra dedilər naqillər tüstüləyir. Bunun bir xatası olar deyə evə getmək qərarına gəldik.

Aynur bizdən bir az qabaq çıxdı. Biz çıxmaq istəyəndə tüstü hər yeri bürümüşdü artıq, çıxa bilmədik.

Çarəsiz bir durumda olduğumuz vaxt aşağıdan Aynur zəng vurdu.

Ürək-dirək verdi, yanğınsöndürənlərin gəldiyini dedi.

İş üstündə tez-tez mübahisəmiz düşürdü onunla. Soyuqluq vardı aramızda. Belə bir vaxtda məni yığmışdı amma…

3 yaşıma, 17 yaşıma, 33 yaşıma damğa vuran 44 həmin gün başımın üstündən belə ötüb keçdi.

10 il sonra Aynurun ölümü ilə başıma uçmaq üçün ötübmüş demə.

Buna qurtulmaq demək olmazmış demə…

Hikmət Sabiroğlu, Novator.az



Xəbəri paylaş

450 dəfə oxunub.

Digər xəbərlər