Saytımızı qiymətləndirin


 
 

Ağır vəziyyətdə olan qaziyə neçənci qrup əlillik təyin edilib? - RƏSMİ
Tarix: 18-11-2021 | Saat: 22:46
Bölmə:Karusel / Sosial | çapa göndər

Sosial şəbəkədə Vətən müharibəsində ağır yaralanaraq sağlamlığını itirən qazi Cahangir Əliyevə II qrup əlillik təyinatı ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, beyninin yarısı olmayan, sərbəst hərəkət qabiliyyətini itirən qaziyə cəmi 200 manat pensiya ödəniləcək. 

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Qazimiz Əliyev Cahangirə müddətsiz I dərəcə əlillik təyin edilib. Qazimizə tək 200 manat deyil, 400 manat, ona qulluq edən anasına isə 50 manat məbləğində təqaüd təyin olunub. Yəni, qazimizə ümumilikdə 650 manat məbləğində sosial ödəniş həyata keçirilir”.

Qazinin səhhətinin yaxşılaşdırılması ilə bağlı görülən işlərə gəlincə, nazirlikdən bildirilib ki, o, müxtəlif vaxtlarda Sumqayıt Reabilitasiya Mərkəzində stasionar olaraq reabilitasiya müalicəsi alıb, təkərli oturacaqla təmin olunub. Türkiyədə müalicə alan qazimizin xərcləri qarşılanıb, məişət şəraitinin yaxşılaşdırılması üçün yardım edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim heyəti tərəfindən ona tibb xidmət göstərilib:

"Həm Dövlət Sosial Müdafiə Fondunun, həm də Dövlət Məşğulluq Agentliyinin əməkdaşları qazinin ailəsində olub, onların sosial vəziyyəti ilə maraqlanıblar. Cahangirin atası Əliyev Gülbala işləyir, eyni zamanda pensiya alır. Qazinin anası oğluna qulluq etdiyinə görə işləmir, lakin dərzi olduğunu nəzərə alınaraq "kiçik dərzi sexi” zərfi üzrə aktivlərlə təmin olunub. Bacısı isə hazırda orta məktəblərin birində müəllim işləyir. Beləliklə, ailənin aylıq ümimi gəliri 1800 manata yaxındır. Bundan başqa Cahangirin anasına mənzil növbəsinə durması üçün yerli İcra Hakimiyyətinə müraciət etməsi də tövsiyə olunub”.

Qeyd edək ki, 21 yaşlı qazi Cahangir Əliyevin beyninin 70 faizinin zədələndiyi, demək olar ki, beyninin bir yarımkürəsinin olmadığı bildirilir. Müharibədə aldığı zədədən bədənində 250-yə yaxın tikiş var, gözünün biri tam görmür, o biri isə 5-10 faiz görür. Əl barmaqlarının birində 4, digərində isə 1 barmağı yoxdur. Danışığı, nitqi 99 faiz pozulan qazinin ayaqlarında da ciddi problemlər var və çəliksiz gəzə bilmir. 



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər