“Ermənistanda ölkədaxili siyasi böhran yoxdur”. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 3-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib. Hakim partiyanı təmsil edən spiker deyib ki, o ölkədə heç siyasi gərginlik də görmür.
Onun sözlərinə görə müxalifət öz küçə aksiyaları isə əhalinin əksəriyyəti tərəfindən dəstəklənməyən hansısa dalğa yaratmaq istəyir: “Bu müxaliətin iş üslubudur. Bunu etmək hüquqları var. Əgər vətəndaşlar yeni hökumət istəyirlərsə bunu seçki vasitəsi ilə edirlər. Bundan qalanı siyasi şüarlardan başqa heç nə deyil. Mən partnyorlarımızın fəaliyyətinə hörmətlə yanaşıram, baxmayaraq ki, onlar bəzən təhqir və aqressiyaya da əl atırlar”.
Simonyanın sözlərinə görə son günlər küçələrə çıxan müxalifətin xalqa deyiləcək sözü yoxdur: “Əgər deməyə sözləri varsa, siyasi ifadə üçün və siyasi proses üçün parlament var”.
Azatutyun yazır ki, parlamentdəki iki müxalifət fraksiyasının- Hayastan və “Şərəfim var” fraksiyalarının iddiasına görə Ermənistan hökuməti Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək niyyətindədir.
Ermənistanın iki keçmiş prezidenti Robert Koçaryanın və Serj Sarkisyanın fraksiyaları buna görə də baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Hakim “Vətəndaş müqaviləsi” partiyasını təmsil edən spiker öz çıxışında polisin və medianın hərəkətləri məsələsinə də toxunub.
Onun sözlərinə görə media bir yerdə baş verən hansısa insidentdən elə yazır ki, sanki bir neçə insidentlər baş verib. Alen Simonyan polisin aşırı güc tətbiq etməsi ilə bağlı iddiaları rədd edib: “Mən polislərə öz minnətdarlığımı bildirirəm ki, onlar bizim başqa vətəndaşlarımızın hüquqlarını qoruyurlar... Amma yenə də deyirəm: etiraz etmək onların hüququdur”.
Azatutyun mayın 3-də Yerevanda baş verən hadisələri də izləyib. Xəbər verilir ki, etirazçıların küçələri bağlamaq cəhdlərinin hamısının qarşısı polis tərəfindən alınıb. Etiraz aksiyasının liderlərindən İşxan Saqatelyan deyib ki, polisin saxladığı adamların sayı artdıqca etirazçıların da sayı artır.
Etirazçılara başçılıq edən daha bir deputat – Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan müxalifətin proqramı olmadığına dair deyilənləri rədd edib: “Bizim planımız var. Bu, hakimiyyətin növbəti hiyləsi və manipulyasiyasıdır. Biz proqramlardan ətraflı danışacaq və onları təqdim edəcəyik. Bəlkə bugün, bəlkə də sabah... Bizim bir məqsədimiz var – ölkəmiz tam dağılmasın deyə məğlubiyyətlərin zəncirini qırmaq”.
Yürüş zamanı İşxan Saqatelyan Yerevan Dövlət Universitetinin binasına daxil olub və ordan çıxanda iddia edib ki, tələbələrin 80-90 faizi tətil edir. Bu da xəbər verilir ki, universitetin bir neçə tələbəsi etirazçıalra qoşulub.
Azatutyun müxbirləri habelə müxalifətin yürüşünə kənardan tamaşa edən sakinlərlə də danışıblar. Onlardan biri deyib: “Demokratik ölkədə hakimiyyəti səsvermə ilə seçirlər. Vəssəlam. Bunlar on ay əvvəl seçkidə çox səs yığa bilməyiblər. İndi nə istəyirlər?”
Söhbətə başqa bir yerevanlı da qoşulub: “Demək istəmirəm ki, bizim Paşinyan üçün ürəyimiz gedir. Amma müxalifət öz addımlarını, ardıcıllığını göstərməlidir”.
Azatutyun yazır ki, mayın 2-də Yerevanın mərkəzindəki Fransa meydanında keçirilən qısa mitinqdə keçmiş prezident Robert Koçaryanın gəlini, tanınmış müğənni Siruşo vətənpərvərlik haqqında mahnılar oxuyub.