Saytımızı qiymətləndirin


 
 

Baş prokuror İlkin Süleymanovun qardaşını qəbul etdi
Tarix: 28-04-2022 | Saat: 17:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş prokuror Kamran Əliyev Ağstafa rayonunda vətəndaşlarla görüşü zamanı Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanovu qəbul edib.

 

Adil Süleymanov deyib ki, görüş zamanı İlkin Süleymanovun təqsirsizliyinə dair bir neçə sübut Baş prokurora təqdim olunub.

 

“Qəbul bir neçə rayonun sakinləri üçün nəzərdə tutulduğundan görüş qısa keçdi. Buna baxmayaraq, Baş prokuror digərləri ilə müqayisədə bizə çox vaxt ayırdı. İlkinin günahkar olmadığına dair əlimizdə olan bütün sübutları çatdıra bilməsək də, bir neçə əsas sübutu təqdim edə bildik”, - qeyd edib.

 

Baş prokuror cinayət işi ilə bağlı məhkəmə istintaqının davam etdiyini, işin obyektiv araşdırılmasında maraqlı olduğunu bildirib.

 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

 

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

 

APA

 



Xəbəri paylaş

238 dəfə oxunub.

Digər xəbərlər